
ABŞ-ın 22 iyun gecə saatlarında həyata keçirdiyi hücum zamanı Fordo, Natanz və İsfahan nüvə obyektlərini 30 Tomahawk raketi ilə hədəfə alıb. Tramp bu hadisəni böyük bir zəfər kimi dəyərləndirib, yayılan iddialara görə, Fordo nüvə obyekti hücumdan 2 gün əvvəl boşaldılıb.
Aktual.ge 'Haberler.com'a istinadla xəbər verir ki, peyk görüntülərinə əsasən, obyektdəki zənginləşdirilmiş uran İran tərəfindən çıxarılaraq başqa bir yerə daşınıb.
Trampın böyük bir zəfər kimi qiymətləndirməsinə baxmayaraq, 2 gün əvvəl çəkildiyi iddia edilən bir peyk görüntüsü fotosu böyük rezonans yaradıb. Peyk görüntülərinə görə, ABŞ-ın Fordo nüvə obyektinə hücumundan 2 gün əvvəl böyük bir karvan müşahidə edilib. Təxmin edilir ki, zənginləşdirilmiş uran 2 gün əvvəl İran tərəfindən çıxarılaraq başqa bir yerə daşınıb.
İran Parlamentinin sədri Məhəmməd Bəqir Qalibafın müşaviri Mehdi Muhammadi hücumlarla bağlı deyib:
"İran bir neçə gecədir Fordoya ediləcək hücumu gözləyirdi. Obyekt uzun müddət əvvəl boşaldılmışdı və hücum zamanı geri dönməz zərər almayıb".
Qeyd edək ki, İsrail-İran savaşının 10-cu gündə müharibəyə qoşulan ABŞ-a məxsus döyüş təyyarələri gecə yarısı İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hücum gerçəkləştirib. Amerika hava qüvvələri tərəfindən gerçəkləştirilən hücumdan sonra ABŞ lideri özünün sosial şəbəkə hesabında yazıb:
“İranda, o cümlədən Fordo, Natanz və İsfahan daxil olmaqla, 3 nüvə obyektinə qarşı çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordoya tam bomba atılıb. Bütün təyyarələr təhlükəsiz şəkildə evlərinə doğru yola çıxıb. Möhtəşəm amerikalı döyüşçülərimizi təbrik edirik. Dünyada bunu edə biləcək başqa ordu yoxdur. Bu böyük bir zəfərdir. İndi isə sülh zamanıdır!”.