Brüsseldə iclas başa çatdı | Aİ Tbilisiyə bu tarixə qədər möhlət verib
15.07.2025 19:38
1210
Siyasət
A
Brüsseldə iclas başa çatdı | Aİ Tbilisiyə bu tarixə qədər möhlət verib

Brüsseldə xarici işlər nazirlərinin görüşü başa çatıb – Avropa İttifaqı “Gürcü Arzusu”na 31 avqusta qədər möhlət verib.

Aktual.ge xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Aİ-nin xarici işlər nazirləri Gürcüstanda vətəndaş cəmiyyətinə göstərilən dəstəyi qiymətləndirib və müxtəlif variantları müzakirə ediblər.

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun demokratiyaya hücumu getdikcə daha da ağır xarakter alır. O, qeyd edib ki, Gürcüstandakı demokratik geriləmənin nəticələri olacaq.

“‘Gürcü Arzusu’nun demokratiyaya hücumu daha da sərtləşir. Bu gün Aİ xarici işlər nazirləri əlavə olaraq hansı addımların atıla biləcəyini müzakirə etdilər. Buraya vizasız rejimin dayandırılması, assosiasiya sazişinin ləğvi və sanksiyalar daxildir. Gürcüstandakı demokratik geriləmə ağır nəticələrə səbəb olacaq.

Gürcüstanla vizasız rejim 2017-ci ildən qüvvədədir. Bu, Aİ-nin digər ölkələrə verdiyi ən böyük üstünlüklərdən biridir. Bu baxımdan Gürcüstana yönəlik, vizasız rejimin dayandırılmasını nəzərdə tutan mexanizmlərin yer aldığı yeddinci tövsiyə paketi mövcuddur. Mən sənədin hamısını oxumayacağam, amma orada Gürcüstan hökumətinin yerinə yetirməli olduğu öhdəliklərdən biri insan hüquqlarının, o cümlədən toplaşmaq və ifadə azadlığının qorunmasıdır. Bu sadəcə bir bənddir, ümumilikdə 8 belə maddə var.

Onların bu öhdəlikləri yerinə yetirməsi üçün 31 avqusta qədər vaxtı var. Ondan sonra bizim hansı addımları atacağımız sual altındadır. Əgər bu tövsiyələr yerinə yetirilməzsə və biz görürüksə ki, müxalifətdə olan 8 liderdən 7-si həbsdədir, bu, həmin öhdəliklərlə uzlaşmır.

Biz Gürcüstan xalqına zərər vurmaq və onların vizasız rejim hüququnu əlindən almaq istəmirik. Amma bu, eyni zamanda etimad məsələsidir. Əgər bu bir bonusdursa və həmin bonus öhdəlikləri yerinə yetirməyən bir ölkəyə verilibsə, bu, həmin ölkənin məsələyə ciddi yanaşmadığını göstərir”, – deyə Kaya Kallas qeyd edib.

ŞƏRH YAZ
4