Yaxınlaşan yerli özünüidarəetmə seçkiləri ərəfəsində “Gürcü Arzusu” partiyası artıq daxili hazırlıq mərhələsinə keçib. Paytaxt Tbilisi ilə yanaşı, bir sıra şəhərlərdə, o cümlədən Kvemo Kartli bölgəsinin strateji əhəmiyyətə malik Marneuli şəhərində mer postuna namizədlik uğrunda ciddi çəkişmələr gedir.
Kənan Ömərov növbəti dəfə Marneuli meri olmağı arzulayır. İddialara görə, partiya daxilində onun postda qalmasına dair razılaşdırılmış qərar demək olar ki, artıq verilib.
Bununla belə, kulis məlumatlarına görə, Parlamentin üzvü Zaur Darğallı Marneuli merliyinə yenidən qayıtmaq niyyətindədir. Hətta “Gürcü Arzusu”nun yüksək dairələrində bu ideyanın dəstəkləndiyi öyrənilib.
Hakimiyyət əleyhdarları isə “Gürcü Arzusu”nun Marneuli merliyi ilə bağlı iki əsas namizəd arasında seçim dilemması ilə üz-üzə qaldığlarını söyləyir. Onların sözlərinə görə, söhbət hazırkı mer Kənan Ömərov və parlament üzvü Zaur Darğallıdan gedir. Müxalifət nümayəndələri hesab edir ki, hər iki siyasi fiqur Marneuli üçün əlverişsizdir.
"Lelo" Partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayevin sözlərinə görə, Marneulidə mövcud olan problemlərin böyük əksəriyyəti Zaur Darğallı və Kənan Ömərovun fəaliyyətdə olduğu dövrdən bəri gündəmdədir.
Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Ceyhun Məhəmmədəli isə hesab edir ki, yerli seçkilər əhali üçün maraqlı deyil.
Müxalif siyasətçi Əhməd İmamquliyev isə deyib ki, Zaur Darğallının namizədliyi təqdim edilsə "Gürcü Arzusu" Parlamentdən daha bir azərbaycanlı deputatı uzaqlaşdırmış olacaq.
Qeyd edək ki, bu il Gürcüstanda özünüidarəetmə seçkiləri 4 oktyabr tarixində keçiriləcək.
Daha ətraflı Natela Əlləzovanın hazırladığı video süjeti təqdim edirik: