Son günlərdə Ermənistanda maye neft qazının (LPG) qiymətləri 40% artıb.
Aktualnge xəbər verir ki, bu artımın əsas səbəbi isə Gürcüstan tərəfinin yaratdığı tranzit problemlərlə əlaqələndirilir.
Erməni mediası Azatutyunun məlumatına görə, LPG Ermənistana əsasən Gürcüstan ərazisindən keçməklə daxil olur. Lakin son günlərdə Gürcüstan hökuməti yüzlərlə qazla dolu yük maşınını naməlum səbəblərlə ölkə ərazisində saxlayıb. Bu səbəbdən Ermənistanda LPG-nin qiymətində kəskin və dərhal təsir edən artım müşahidə olunub.
Qaz idxalçıları və satışla məşğul olan erməni şirkətləri bildirirlər ki, hazırda Gürcüstanda təxminən 500 LPG-yüklü yük maşını gömrük terminallarında dayanıb. Şirkət nümayəndələrindən biri jurnalistlərə verdiyi açıqlamada bildirib:
"Sürücülərimiz artıq 8-9 gündür ki, Gürcüstanda ilişib qalıblar və hələlik onların hərəkətinə icazə veriləcəyi ilə bağlı heç bir ümidverici əlamət yoxdur."
Ermənistanda LPG geniş şəkildə avtomobil yanacağı kimi istifadə olunur, xüsusilə də taksi sektoru bu yanacaqdan asılıdır. Hazırkı vəziyyət taksi sürücülərinə ciddi maliyyə zərəri vurub. Onlardan biri bildirib ki, yaranmış vəziyyət nəticəsində onların gündəlik xərcləri 3500-4000 dram (təxminən 9-10 ABŞ dolları) artıb.