Şida Kartli bölgəsinin Qori Bələdiyyəsinə bağlı Xeltubani kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edilib.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 3-ü soyuq silahla yaralanmış, ümumilikdə 4 asayiş keşikçisi yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən texniki baxış üçün bir avtomobili saxlayıblar. Məlum olub ki, nəqliyyat vasitəsini 2009-cu il təvəllüdlü azyaşlı S.S. sürürmüş və onun sürücülük vəsiqəsi olmayıb.
Polisin qanuni müdaxiləsinə qarşılıq olaraq S.S. və bir neçə şəxs hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərərək fiziki güc tətbiq edib. Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, digər biri də yaralanıb, onlardan bəziləri soyuq silahla yaralanıb. Hazırda yaralı polis əməkdaşlarına xəstəxanada tibbi yardım göstərilir.
Hadisəyə görə 1979-cu il təvəllüdlü G.S., 1989-cu il təvəllüdlü S.S. və 1961-ci il təvəllüdlü V.S. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin ikinci bəndi (polis əməkdaşına qarşı zor tətbiq etmə) üzrə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyindən qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hər hansı hücum qanun çərçivəsində sərt şəkildə cavablandırılacaq.