İsrail, Suriyanın paytaxtı Dəməşqə ikinci dəfə hava hücumu təşkil edib. Döyüş təyyarələri tərəfindən Prezident Sarayı və Baş Qərargah binası bombalanıb. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir. İsrailin müdafiə naziri Yisrael Katz isə Suriya ordusunu ölkənin cənub-qərbində yerləşən Süveyda bölgəsindən tam çəkilmədiyi təqdirdə, daha şiddətli hücumlarla hədələyib.
Aktual.ge xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz "X" hesabında etdiyi paylaşımda Suriyaya qarşı hücumların daha da intensivləşəcəyini bildirib.
O, Dəməşq hakimiyyətini, Suriya ordusu ölkənin cənub-qərbində yerləşən Süveyda bölgəsindən tam şəkildə geri çəkilmədiyi təqdirdə, daha şiddətli hücumlarla hədələyib.
İsraildə yaşayan druzlara səslənən Katz, “Suriyadakı qardaşlarınızı qorumaq üçün İsrail ordusuna etibar edə bilərsiniz”, – deyərək, İsrail Baş naziri Benyamin Netanyahu ilə birlikdə “druzları qorumaq” öhdəliklərini yerinə yetirəcəklərini iddia edib.
NƏ BAŞ VERİR ?
Suriyanın Süveyda vilayətində 13 iyul tarixində Bədəvi ərəb tayfaları ilə druz silahlı qrupları arasında qarşılıqlı adam qaçırma hadisələri fonunda toqquşmalar başlamışdı. Dəməşq hakimiyyəti qarşıdurmaları dayandırmaq məqsədilə Müdafiə və Daxili İşlər Nazirliklərinə tabe olan təhlükəsizlik qüvvələrini bölgəyə göndərmişdi.
15 iyul səhəri Süveydaya daxil olan təhlükəsizlik qüvvələri ilə yerli qruplar arasında da şiddətli qarşıdurmalar baş vermişdi.
Müdafiə naziri Murhaf Əbu Kasra Süveydada atəşkəs elan etmiş, lakin qeyri-qanuni qruplar tərəfindən hər hansı hücum və ya atəş açılması halında cavab veriləcəyini bildirmişdi.
Druzların ruhani liderlərindən Hikmət əl-Hicri əvvəlcə hökumət qüvvələrinin şəhərə girişinə razılıq vermiş, lakin bir neçə saat sonra bu mövqeyindən geri çəkilərək süveydalıları hökumət qüvvələrinə qarşı çıxmağa çağırmışdı.
İsrail isə “druzları qoruyuruq” açıqlaması ilə, Süveyda ətrafında dünəndən bəri hava hücumları təşkil edir.

