"Çox yaxın zamanda biz konkret standartları təsdiqləyəcəyik, hansı ki, binaların fasadlarının, hasarların və dam örtüklərinin görünüşü ilə əlaqədardır. Fasadlar, hasarlar və dam örtükləri zövqlü, qaydaya salınmış olmalı, təbiətə, şəhər şəbəkəsinə və landşafta uyğun olmalıdır. Bu, çox vacibdir".
Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir Irakli Kobaxidze hökumətin iclasında bildirib.
Hökumət başçısı qeyd edib ki, yeni icazə verildikdə, ya yeni bina tikilərkən, ya da bərpa işləri həyata keçirilərkən, bütün müvafiq icazələr bu standartlara tabe olacaq.
“Bu gün əgər bizim məhəllələrimizə baxsaq, ümumilikdə landşaftımız çox gözəldir, amma tez-tez binalar estetik baxımdan görünüşün gözəlləşməsinə kömək etmir. Buna görə bizə konkret standartların müəyyən edilməsi lazımdır ki, həm kənd yerlərində, həm də şəhərlərdə memarlıq zövqünü yaxşılaşdıraq və gələcəkdə daha qaydaya salınmış binalara sahib olaq. Bu baxımdan dövlətin müdaxiləsi vacib və zəruridir. Bu səbəbdən mən İqtisadiyyat Nazirliyindən xahiş etdim ki, məhəllələrin vizual, estetik və digər xüsusiyyətlərini ümumi prinsiplərlə tənzimləsin, müvafiq standartlar hazırlansın. Vurğulamaq istəyirəm ki, bu iş praktiki olaraq artıq yekunlaşma mərhələsindədir və çox yaxın zamanda bu standartlar təsdiqlənəcək. Yeni bina tikintisi və ya bərpa üçün icazə verildikdə, bütün müvafiq icazələr məhz bu standartlara tabe olacaq və düşünürəm ki, mərhələli şəkildə ilbəil bizim məhəllələrimizin görünüşü yaxşılaşacaq. İqtisadiyyat Nazirliyi müvafiq peşəkar dairələrlə işləyir, iş yekun mərhələdədir və yaxın gələcəkdə nəticələri ictimaiyyətə təqdim edəcəyik. Mən düşünürəm ki, bu, uğurla həyata keçirilməsi vacib olan önəmli təşəbbüslərdən biridir”, - deyə Baş nazir qeyd edib.