Xidməti səlahiyyətlərdən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması faktları üzrə ittiham olunan keçmiş müdafiə naziri Juanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.
Aktual.ge xəbər verir ki, hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi məhkəməyə girov vəsatəti ilə müraciət etmişdi, lakin hakim bunu qəbul etməyib.
Məlumat üçün bildirək ki, Prokurorluğun məlumatına görə, Juanşer Burçuladze 2023-cü ildə xidməti vəzifəsindən sui-istifadə edərək, müavininin, qohumunun və Gürcüstan Müdafiə Nazirliyinin Satınalmalar Departamentinin keçmiş rəhbərinin köməyi ilə hərbi hospitala tibbi avadanlığı 2 606 272 lari əvəzinə 3 940 000 laridən təqdim edib. Nəticədə, nazirliyə 1 333 728 lari məbləğində maddi ziyan vurulub.
2025-ci ilin martında Juanşer Burçuladze və həyat yoldaşı İspaniyada 544 000 avroya daşınmaz əmlak alıblar. Bu əmlakın mənşəyini gizlətmək və qanuni görkəm vermək məqsədilə, onlar Tsknetidə yerləşən daşınmaz əmlak üzrə üçüncü şəxslə fiktiv alqı-satqı müqaviləsi bağlayıblar.
Keçmiş müdafiə naziri ümumilikdə 1 593 212 larilik qanunsuz və əsassız gəlirin leqallaşdırılmasında ittiham olunur.
O, Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi və 332-ci maddənin 2-ci hissəsi ilə ittiham olunur ki, bu da dövlət-siyasi vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərdən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasını nəzərdə tutur. Sözügedən əməl 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.