Laqodexi bələdiyyəsində təbii fəlakətlə mübarizə davam edir.
Aktual.ge xəbər verir ki, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etsə də, Laqodexi–Qabal–Qurcaani magistral yolunda hərəkət hələ də məhdudlaşdırılıb. Buna səbəb Bayisubni kəndindəki körpünün zədələnməsidir. Sözügedən istiqamətdə avtomobil hərəkətini patrul polisi tənzimləyir.
Digər kəndlərdə isə bütün aidiyyəti qurumlar, o cümlədən yanğınsöndürmə-xilasetmə qrupları səfərbər olunub.
Artıq iki gündür ki, ərazidə ağır texnika fəaliyyət göstərir. Görülən işlər nəticəsində, daşqın səbəbindən məcrasından çıxmış çayların istiqaməti dəyişdirilib və kəndin daxili, həmçinin mərkəzi yollarında suyun axını dayandırılıb. Lakin güclü yağıntılar nəticəsində Ninos və Şrom dərələri, eləcə də Qabal və Areşperani çayları daşaraq infrastruktura ziyan vurub. Yaşayış evlərinin birinci mərtəbələri, həyətyanı sahələr və təsərrüfat torpaqları su altında qalıb. Məişət əşyaları və texnika yararsız hala düşüb.