Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, böyük miqdarda odlu silah, döyüş sursatı və detonatorla təchiz edilmiş partlayıcı maddələr aşkarlanıb.
Aktual.ge xəbər verir ki, bu barədə DTX-da keçirilən brifinqdə məlumat verilib.
Qurumun bildirdiyinə görə, həmin sursatlardan istifadə etməklə 4 oktyabrda Tbilisidə planlaşdırılmış qrup halında zorakılıq və Prezident sarayını ələ keçirmə cəhdinin paralelində diversiya aktlarının törədilməsi nəzərdə tutulmuşdu.
Məlumata əsasən, Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. böyük miqdarda odlu silah, döyüş sursatı və partlayıcı vasitələr əldə edib. DTX-nin məlumatına görə, B.Ç.-nin sifarişi ilə detonator pultu hazırlayan şəxs də müəyyən olunub. Həmin şəxs artıq təhlükəsizlik xidmətinə gətirilib və onunla istintaq hərəkətləri aparılır.
Qurumun açıqlamasında qeyd olunub ki, sözügedən cinayətin törədilməsinə görə B.Ç.-yə qarşı ittiham irəli sürüləcək və onun barəsində axtarış elan olunacaq.
“Dövlət Təhlükəsizliyi Xidmətinin operativ məlumatları əsasında aparılmış istintaq tədbirləri nəticəsində böyük miqdarda odlu silah, döyüş sursatı və detonatorla təchiz edilmiş partlayıcı maddələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə (bu, bir neçə dəlillə təsdiqlənir) Gürcüstan vətəndaşı B.Ç. çoxlu miqdarda odlu silah, döyüş sursatı və partlayıcı vasitələr əldə edib. Əldə olunmuş operativ məlumatlara görə, bu sursatlardan 4 oktyabrda Tbilisidə təşkil olunmuş qrup halında zorakılıq və Prezident sarayını ələ keçirmə cəhdinin paralelində diversiya aktları törədilməli idi.
DTX əməkdaşlarının həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində bu silah və partlayıcı maddələri Tbilisinin mərkəzinə gətirməyi planlaşdıran şəxslərin neytrallaşdırılmasına nail olunub. Xüsusi gizlədilmiş yerdə Tbilisiyə yaxın meşəlik ərazidə odlu silah, döyüş sursatı və partlayıcı vasitələr aşkarlanıb. Bundan əlavə, B.Ç.-nin sifarişi ilə detonator pultunu hazırlayan şəxs də müəyyən edilib. O artıq təhlükəsizlik xidmətinə gətirilib və onunla istintaq aparılır.
Cinayətin törədilməsinə görə B.Ç.-yə qarşı ittiham irəli sürüləcək və barəsində axtarış elan olunacaq. Bu gün səhər onun yaşadığı evdə axtarış aparılıb, istifadə etdiyi mobil telefon götürülüb. Telefonun yoxlanılması zamanı əsas sübutlardan biri, bir neçə videogörüntü aşkarlanıb. Həmin videolarda B.Ç. hələlik müəyyən edilməmiş bir şəxsə əldə etdiyi silahları və sursatı göstərir və bununla bağlı hesabat verir. İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə başlanıb. Cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam edir.
Eyni zamanda, fürsətdən istifadə edərək, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi adından Daxili İşlər Nazirliyinin, Prokurorluğun və Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına görülən tədbirlərə verdikləri mühüm töhfəyə və dünənki gün ərzində mövcud təhlükələrin yüksək hüquqi standartlarla aradan qaldırılmasına görə təşəkkürümüzü bildiririk. Xüsusi təşəkkürümüzü xidmətimizin hər bir əməkdaşına göstərdikləri cəsarət və peşəkarlığa görə çatdırırıq” , - məlumatda deyilir.