Daxili İşlər Nazirliyi (DİN) 4 oktyabrda Tbilisidə baş verən cinayət hadisələri ilə bağlı daha 4 nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyu brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırda bu iş üzrə ümumilikdə 22 nəfər saxlanılıb, 3 nəfər isə hələ də gizlənməkdədir.
“O cümlədən, ictimaiyyətə məlum olduğu kimi, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində 4 oktyabrda Tbilisidə baş verən cinayət hadisələri ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 187-ci, 222-ci, 225-ci və 317-ci maddələri üzrə istintaq aparılır.
İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında daha 4 nəfəri saxlayıblar — bunlar V.G., K.E., M.L. və N.G.-dir.
Hazırda bu iş üzrə ümumilikdə 22 nəfər saxlanılıb, 3 nəfərin yerinin müəyyənləşdirilməsi və onların tutulması üçün məhkəmə qərarı əsasında müvafiq əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Bu 3 nəfər hələ də gizlənməkdədir.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətdə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə müvafiq istintaq hərəkətlərini davam etdirirlər.
Bu cinayət işi üzrə kompleks istintaq tədbirləri davam edir” , - deyə Aleksandre Daraxvelidze bildirib.