SON DƏQİQƏ! Baş Prokurorkuq Qaxaria barəsində istintaqa başladı
12.11.2025 15:16
593
Siyasət
A
SON DƏQİQƏ! Baş Prokurorkuq Qaxaria barəsində istintaqa başladı

Gürcüstan Baş Prokurorluğu sabiq baş nazir Giorgi Gaxariyaya qarşı cinayət təqibinə başlayıb.

Aktual.ge xəbər verir ki, Baş prokuror Giorgi Qvaramidzenin fövqəladə brifinqdə verdiyi məlumata görə, iş 2019-cu ilin 20 iyun hadisələri və “Çorçana işi” ilə bağlıdır.

Məlumata əsasən, Gürcüstan Prokurorluğu sabiq baş nazir Giorgi Gaxariyaya qarşı 2019-cu ilin 20–21 iyun tarixlərində Tbilisidə, parlament binasının qarşısında keçirilən etiraz aksiyası zamanı iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurulmasının təşkil edilməsi, eləcə də dövlət vəzifəli şəxs tərəfindən səlahiyyətlərin aşılması faktlarına görə cinayət işi açıb.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2024-cü il 7 may tarixində bu məsələyə dair qərar qəbul edib. Qərara əsasən, Gürcüstanda 2019-cu ilin 20–21 iyun hadisələri zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin prosedur pozuntusuna yol verildiyi müəyyən edilib. Dövlətə əlavə istintaq tədbirlərinin aparılması və həmin hadisələrin planlaşdırılması və həyata keçirilməsinə cavabdeh şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsi tövsiyə olunub.

Bundan sonra çoxsaylı istintaq hərəkətləri aparılıb - hadisə rekonstruksiyaları keçirilib, yüzlərlə şahid dindirilib, yüzdən çox ekspertiza həyata keçirilib. Nəticədə Giorgi Gaxariyanın təqsiri müəyyən edilib.

İttihama əsasən, 2019-cu il 20 iyun axşamı Rustaveli prospektində keçirilən dinc aksiya zorakı toqquşmalara çevrilib. Etirazçıların bir hissəsi zorakılıqla parlament binasına girməyə cəhd edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlar həyata keçirib.

O dövrdə daxili işlər naziri vəzifəsini icra edən Giorgi Gaxariya qanunvericiliyi və təlimatları pozaraq, xüsusi vasitələrin — o cümlədən rezin güllələrin — paralel və xəbərdarlıq edilmədən tətbiq olunmasını əmr edib. Nəticədə onlarla vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki nəfər gözünü itirib, beş nəfər isə ağır bədən xəsarətləri alıb.

İttihamın ikinci epizodu “Çorçana işi” ilə bağlıdır. İstintaq müəyyən edib ki, 2019-cu il 24 avqustda daxili işlər naziri və eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibi olan Giorgi Gaxariya, hökumət başçısı ilə razılaşdırmadan, Dövlət Təhlükəsizlik Xidməti və Aİ müşahidə missiyası ilə əlaqələndirmədən, sərhəd xətti yaxınlığında yerləşən Çorçana kəndi istiqamətində əlavə polis postunun yaradılmasına təkbaşına qərar verib.

Bu addım işğal rejimi tərəfindən Gürcüstanın ərazi bütövlüyünə qarşı fəaliyyət üçün bəhanə kimi istifadə olunub. 2019-cu il 5 sentyabrda Tsxinvali rejiminin silahlı qüvvələri Gürcüstanın nəzarətində olan ərazinin bir hissəsini ələ keçirib. Nəticədə təxminən 100 hektar meşə sahəsi işğal olunub, Xaşuri rayonunun Qobi və Tsnelisi kəndlərinin sakinlərinin evləri işğal zonasında qalıb.

İstintaqa görə, Giorgi Gaxariya bu hərəkətləri ilə vəzifə səlahiyyətlərini qəsdən aşaraq dövlətin və cəmiyyətin qanuni maraqlarına ciddi zərər vurub.

Ona qarşı ittihamlar Gürcüstan Cinayət Məcəlləsinin 25-ci və 117-ci maddəsinin 3-cü hissəsinin “m” bəndi, həmçinin 333-cü maddənin 2-ci hissəsi ilə irəli sürülüb. Bu maddələrə əsasən, ona 13 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Prokurorluq yaxın zamanda məhkəmədən Giorgi Gaxariyanın barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edəcək.

İstintaq işi davam edir.

ŞƏRH YAZ
9