Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Vivamedi” klinikasından №12 cəzaçəkmə müəssisəsinə köçürülüb və o, cəzasını ümumi qaydada çəkməyə davam edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir.
Qurumun məlumatına görə, Mixeil Saakaşvilinin səhhəti qənaətbəxş hesab olunduğundan və ona artıq stasionar müalicə zəruri olmadığından, o, klinikadan çıxarılaraq penitensiar müəssisəyə geri köçürülüb.
“Aydın olduğu kimi, məhkum Mixeil Saakaşvili stasionar tibbi xidmət almaq məqsədilə 2022-ci il mayın 12-də "Vivamedi" klinikasına köçürülmüşdü və indiyədək orada qalaraq müvafiq tibbi yardım alırdı.
Gürcüstan qanunvericiliyinə əsasən, mülki sektora aid xəstəxanadan məhkumun penitensiar müəssisəyə köçürülməsi onun səhhətinin vəziyyəti nəzərə alınmaqla, müalicə edən həkimin qərarı əsasında həyata keçirilir.
Məhkum Mixeil Saakaşvilinin səhhəti hazırda qənaətbəxş olduğuna və stasionar müalicəyə ehtiyac qalmadığına görə, o, klinikadan çıxarılıb və №12 cəzaçəkmə müəssisəsinə köçürülüb. Saakaşvili burada cəzasını ümumi rejim qaydalarına uyğun şəkildə çəkməyə davam edəcək,” – deyə açıqlamada vurğulanır.