"Bu spekulyasiyalar tamamilə qeyri-ciddidir və bu gün müxalifətdə və onlarla bağlı təşkilatlarda hökm sürən ümumi qeyri-ciddiliyi göstərir".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin, Türkmənistan forumunda Rusiya prezidenti Vladimir Putinlə birlikdə çəkilən foto ilə bağlı sualına münasibət bildirib.
Onun sözlərinə görə, bu mövzu ilə bağlı “dərin şərh verməyə dəyməz”.
“Bu spekulyasiyalar tamamilə qeyri-ciddidir və bu gün müxalifətdə və onlarla bağlı təşkilatlarda mövcud olan ümumi qeyri-ciddiliyi göstərir. Burada dərin şərh verməyə dəyməz”, - deyə İrakli Kobaxidze qeyd edib.
Məlumat üçün bildirək ki, Türkmənistanın paytaxtı Aşqabadda 11–12 dekabr tarixlərində Sülh və Etimadın Beynəlxalq İli çərçivəsində keçirilən və Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunan forum təşkil olunur.
Tədbirdə Türkmənistan, Rusiya, Türkiyə, Ermənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İraq prezidentləri, həmçinin Azərbaycan, Macarıstan, Gürcüstan və Pakistanın baş nazirləri iştirak edirlər.