Gürcüstanın iqtisadiyyat naziri Bakı–Tbilisi–Qars dəmir yolunun tezliklə açılacağını elan edib
Gürcüstanın İqtisadiyyat naziri Mariam Kvrivişvili Bakı–Tbilisi–Qars dəmir yolunun yaxın vaxtlarda rəsmi olaraq istifadəyə veriləcəyini açıqlayıb.
Aktual.ge xəbər verir ki, o, bu barədə Birinci Kanalın efirində çıxışı zamanı bildirib.
“Çox yaxın zamanda Azərbaycan, Türkiyə və Gürcüstan ölkəmiz və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyan tarixi Bakı–Tbilisi–Qars layihəsinin açılışını birlikdə qeyd edəcək. Bu layihənin təntənəli açılışı çox tezliklə baş tutacaq”.
Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkənin tranzit rolunu gücləndirmək məqsədilə yaxın illərdə “Gürcüstan Dəmir Yolları”na 1 milyard lari həcmində sərmayə yatırmağı planlaşdırır.
Nazir vurğulayıb ki, bu investisiyalar Gürcüstanın rəqabətqabiliyyətli ölkə kimi mövqeyini qoruyub saxlamasına və yüklərin sürətli, keyfiyyətli daşınmasını təmin edən etibarlı tərəfdaş olaraq qalmasına xidmət edəcək.