Nazir Azərbaycan KİV-ə yayılan iddialara cavab verdi
13.12.2025 12:53
602
Siyasət
A
Nazir Azərbaycan KİV-ə yayılan iddialara cavab verdi

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanla münasibətlərin strateji, dostluq və qarşılıqlı hörmətə əsaslandığını bildirib

.Aktual.ge xəbər verir ki, İqtisadiyyat naziri iki ölkə arasında bir çox sektoru əhatə edən sıx əməkdaşlıq mövcuddur və bu səbəbdən tərəflər arasında gündəlik işgüzar əlaqələr saxlanıldığını qeyd edib.

“Bizim Azərbaycan Respublikası ilə çox yaxın, strateji və dostluq münasibətlərimiz var. Bir çox sektorlarda əlaqəli olduğumuz üçün həmkarlarımızla gündəlik təmasdayıq” - Mariam Kvrivişvili əlavə edib

Nazir xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Qazaxıstan qarşılıqlı razılaşdırılmış plan və cədvəl əsasında fəaliyyət göstərir, infrastrukturun inkişafı və ötürmə qabiliyyətinin artırılması istiqamətində koordinasiyalı addımlar atılır:

“Məqsədimiz Orta Dəhlizin aparıcı nəqliyyat marşrutlarından biri kimi üstünlüyünü qoruması və daha da güclənməsidir”.

Nazir son günlər Azərbaycan mediasında Gürcüstan tərəfindən guya yüksək yük tariflərinin tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib və bu iddiaları əsassız adlandırıb.

“Münasibətlərimiz dostcasına, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Respublikasının bütün qurumları ilə əlaqələrimiz nümunəvidir”.

Bu kontekstdə Mariam Kvrivişvili Gürcüstanın baş nazirinin mühüm qərarını xatırladıb:

“Gürcüstan belə vacib layihədə əsas rol oynayacaq və yüklərin Azərbaycandan Ermənistana daşınması pulsuz həyata keçiriləcək. Bu qərar regionda xoşməramlılığın, tərəfdaşlığın, sülhün və sabitliyin təşviqinə xidmət edir”.

Nazirin sözlərinə görə, Azərbaycan Gürcüstan üçün nəqliyyat, enerji və digər sahələrdə əsas tərəfdaş ölkədir. O bildirib ki, Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalı baxımından strateji əhəmiyyətə malikdir, eyni zamanda qaz idxalı üzrə əməkdaşlıq da davam edir:

“2027-ci il üçün qaz təchizatı ilə bağlı danışıqlar aparılır və əminəm ki, bu danışıqlar müsbət nəticə verəcək”.

Mariam Kvrivişvili qeyd edib ki, mövcud tərəfdaşlıq fonunda Gürcüstan hökuməti Gürcüstan Dəmir Yollarının inkişafına böyük həcmdə investisiya yönəltmək qərarına gəlib.

Nazirin sözlərinə görə, 2012-ci ildən bu günədək dəmir yolunun tutumunun artırılması üçün təxminən 1 milyard lari investisiya qoyulub. Növbəti illərdə isə Gürcüstan Dəmir Yollarına birbaşa daha 1 milyard lariyə yaxın vəsaitin yatırılması planlaşdırılır. Bu investisiyalar çərçivəsində lokomotiv parkının yenilənməsi və infrastrukturun inkişafı nəzərdə tutulur.

“Dəmir yolunun modernləşdirilməsi layihəsi artıq başa çatdırılıb və nəticədə Gürcüstan Dəmir Yollarının tutumu iki dəfə artıb”.

Nazir həmçinin bildirib ki, yaxın vaxtlarda Azərbaycan, Türkiyə və Gürcüstan region üçün mühüm əhəmiyyət daşıyan Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin rəsmi açılışını birlikdə qeyd edəcəklər.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

ŞƏRH YAZ
8