2025-ci ildə Marneulidə Cümə xütbələri: Kim ən çox əhalinin problemlərindən danışdı?
31.12.2025 17:05
1549
Din
A
2025-ci ildə Marneulidə Cümə xütbələri: Kim ən çox əhalinin problemlərindən danışdı?

Bu il cümə xütbələrində yerli ictimai, siyasi və sosial məsələlərə, eləcə də əhalini narahat edən problemlərə daha geniş yer ayıran din xadimi Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidinin axundu, imamcümə Hacı Hacıyev olub.

Aktual.ge xəbər portalının il ərzində apardığı müşahidələrə əsasən, Hacı Hacıyev 2025-ci ildə cümə xütbələrində vaxtaşırı Marneuli əhalisinin infrastruktur və sosial problemləri ilə yanaşı, milli və dini zəmində onları narahat edən məsələləri də gündəmə gətirib.

O, eyni zamanda müsəlmanların məscid tikintisi ilə bağlı qarşılaşdığı mümkün problemlərə toxunub, Marneuli Meriyası və Bələdiyyə Məclisinin fəaliyyətini tənqid edib və ədalətsizlik kimi adlandırıb. Hacı Hacıyev həmçinin Yaxın Şərqdə baş verən prosesləri, xüsusilə Qəzza ətrafında yaşanan hadisələri diqqət mərkəzində saxlayıb.

Digər imamcümələrə gəldikdə isə, Hacı Əziz Nəbiyev il ərzində verdiyi cümə xütbələrində Yaxın Şərq, o cümlədən Qəzzada baş verən hadisələrdən bəhs edib. Yerli ictimai və siyasi mövzulara isə cəmi iki dəfə toxunub. Onlardan birində Marneulidə əhalini narahat edən infrastruktur problemlərindən danışıb, digər xütbəsində isə İsrailin Gürcüstandakı səfirliyinin Marneulidə yerləşən “Modus” kollecində etnik azlıqlara və sosial cəhətdən həssas gənclərə kompüter paylamasını tənqid edib, bununla yanaşı yenidən infrastruktur problemlərinə diqqət çəkib.

İmamcümə Hacı Rasim Məmmədov isə əvvəlki illərlə müqayisədə bu il yalnız bir neçə dəfə Yaxın Şərqdə, xüsusilə Qəzzada baş verən hadisələrə toxunub, yerli sosial, ictimai və siyasi proseslər barədə isə çıxış etməyib.

Bu ilin aprel ayında imamcümə olaraq fəaliyyətə başlayan Dr. Seyid Mirismayıl Əsədov isə il ərzində yalnız bir dəfə Yaxın Şərqdə, konkret olaraq Qəzzada baş verən hadisələrdən bəhs edib.

ŞƏRH YAZ
3