06.01.2026 23:55
439
Din
A
"Gürcü xalqının gücü xristian dəyərlərinin birliyinə söykənir" | Patriarx II İliya

"Gürcü xalqının gücü xristian dəyərlərinin birliyinə, mənəvi və vətəndaş nizamına, eləcə də ölkəmizin 1700 il əvvəl etdiyi seçimə söykənir".

Aktual.ge xəbər verir ki, bu sözlər Buütün Gürcüstanın Katolikos-Patriarxı İliya II-nin Milad bayramı müraciətində deyilir. 

Patriarx Milad müraciətində vurğulayıb ki, xristian dəyərlərinin qorunması təkcə keçmişə sədaqət deyil, həm də gələcəkdə düzgün istiqamət götürməyimizin əsas şərtidir. Çünki Rəbb və Onun təlimi həqiqidir və zamanın dəyişkənliyinə tabe olmur.

“2025-ci ildə xristian dünyası I Nikeya Ümumdünya Kilsə Məclisinin 1700 illiyini qeyd etdi. Bu məclis bəşəriyyət üçün böyük bir dönüş nöqtəsinin başlanğıcı oldu. O, xristian dünyasının vahid inancını, kilsə nizamını, kilsə ilə dövlət arasındakı münasibətlərin yeni modelini müəyyənləşdirdi ki, bu da sonradan bütün Şərq və Qərb sivilizasiyalarının siyasi və sosial arxitekturasının əsasına çevrildi.

Qürurvericidir ki, bu son dərəcə mühüm hadisədən düz bir il sonra, yəni 326-cı ildə Gürcüstan xristianlığı dövlət dini kimi qəbul etdi. Bu isə o deməkdir ki, ölkəmiz həmin dövrdə mənəvi dəyərlərinə, ədaləti düzgün dərk etməsinə və Nikeya Məclisinin xristian dünyası üçün müəyyənləşdirdiyi ali ideallara dövlət səviyyəsində məsuliyyətlə yanaşmasına görə dünyanın qabaqcıl ölkələri sırasında idi.

Xristianlığın dövlət dini elan edilməsi həvarilərin dövründən, yəni I əsrdən etibarən xalqımız arasında səpilmiş iman toxumunun nəticəsi idi.

Bu gün bir çox mədəni və dünyagörüşü çağırışları qarşısında dayandığımız bir vaxtda, 325–326-cı illər dövrü və bu tarixi uyğunluq bizə bir daha xatırladır ki, gürcü xalqının gücü xristian dəyərlərinin birliyinə, mənəvi və vətəndaş nizamına, eləcə də ölkəmizin 1700 il əvvəl etdiyi seçimə əsaslanır. Bu dəyərlərin qorunması təkcə keçmişə sədaqət deyil, həm də gələcəkdə düzgün yol seçməyimizin ən başlıca şərtidir, çünki Tanrı və Onun təlimi həqiqidir və zamanın dəyişkənliyinə tabe deyil.

Lakin müasir insan çox vaxt İlahi həqiqətə çata bilmir, öz həyatının mənasını dərk etmir və günahdan qaynaqlanan dünyəvi rifahdan niyə imtina etməli olduğunu, yaxud gündəlik həyatını necə düzgün qurmalı olduğunu anlaya bilmir”, - deyə İliya II-nin müraciətində qeyd olunub.

ŞƏRH YAZ
6