Yeni dizaynlı şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı
12.01.2026 10:56
351
Siyasət
A
Yeni dizaynlı şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı

Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni nəsil, yenilənmiş dizayna malik elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə rəsmi qurum məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni şəxsiyyət vəsiqələrinin təhlükəsizlik səviyyəsi müasir qoruyucu elementlərlə daha da gücləndirilib və sənədlər ən son beynəlxalq standartlara tam uyğun şəkildə hazırlanıb. Yeni dizayn milli tematik simvollarla zənginləşdirilib.

Bildirilib ki, şəxsiyyət vəsiqələrinin rüsumu dəyişməz qalır və müddətli vəsiqə sahibləri onları yenisi ilə əvəzləməyə məcbur deyillər.

Açıqlamaya əsasən, yenilənmiş elektron şəxsiyyət vəsiqəsində sahibinin barmaq izləri əks olunur. Eyni zamanda sənəd üzərində yerləşdirilən QR kod vasitəsilə əlavə məlumatların əldə edilməsi mümkündür. QR kod skan edildikdə sənədin nömrəsi və statusu, şəxsin qeydiyyat ünvanı, həmçinin sənəd sahibinin istəyi ilə onun tələbə və ya əlilliyi olan şəxs statusu barədə məlumat əldə edilə bilər.

Yeni ID kart üçün müraciət etmək istəyən vətəndaşlar Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi bölmələrinə, Ədliyyə Evlərinin filiallarına və mobil Ədliyyə Evlərinə müraciət edə, həmçinin Agentliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada ərizə təqdim edə bilərlər.

ŞƏRH YAZ
8