Parlamentə 6 ildən artıq yaşı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim etdik.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda 864 min avtomobil qeydiyyatda olub, cari ilin göstəricilərinə əsasən isə bu rəqəm 2 milyonu ötüb.
“Gürcüstanda avtonəqliyyat vasitələrinin sayı son illər ərzində əhəmiyyətli dərəcədə artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi, bu ilin məlumatlarına görə isə bu göstərici 2 milyonu keçib. Görürük ki, söhbət hansı miqyasdan gedir. Avtomobillərin sayının belə artımı bir tərəfdən yol hərəkətinin yüklənməsinə, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna görə də hesab edirik ki, burada çox mühüm tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə parlamentə 6 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim etmişik. Kiçik istisnalar nəzərdə tutulacaq. Lakin hesab edirik ki, prinsip etibarilə 6 ildən artıq yaşı olan avtomobillər ölkəyə gətirilməməlidir. Bu, ekologiya, insan sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından mühümdür”, - deyə İrakli Kobaxidze bildirib.