Tbilisidə fevralın 11-də İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı İranın Gürcüstandakı səfirliyi yayıb.
Qeyd olunub ki, tədbirdə 500-ə yaxın dəvətli qonaq iştirak edib.
Diplomatik qurumun məlumatına görə, tədbirdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia, müxtəlif ölkələrin səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, həmçinin mədəniyyət, iqtisadiyyat, media və digər sahələrin tanınmış simaları, eləcə də Gürcüstanda yaşayan iranlılar iştirak ediblər.
“İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra İran İslam İnqilabının nailiyyətlərini, həmçinin müxtəlif sahələrdə mövcud imkan və potensialı əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Seyid Əli Mocani son 47 il ərzində İranın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb. O, İranın regional və beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirmək əzmində olduğunu vurğulayıb.
Səfir qeyd edib ki, İran İslam Respublikası çağırışların aradan qaldırılmasında diplomatiya və danışıqlara xüsusi önəm verir, eyni zamanda düşmənlər tərəfindən yönəldilə biləcək hər hansı təhdidə qarşı tam hazır olduğunu bildirib.
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia iranlı xalqı və İran hakimiyyətini İslam İnqilabının ildönümü münasibətilə təbrik edib. O bildirib ki, İran İslam Respublikası Gürcüstanın müstəqilliyini rəsmi şəkildə tanıyan ilk ölkələrdən biri olub.
Nazir müavini vurğulayıb ki, Gürcüstan hökuməti regionda pozitiv gündəliyin irəlilədilməsi məqsədilə İranla əməkdaşlığı davam etdirməyə hazırdır.
Tədbir çərçivəsində nümayiş etdirilən unikal sənədə əsasən, İran 1918-ci ildə Gürcüstanın müstəqilliyini rəsmi şəkildə tanıyan ilk dövlət olub.
Həmçinin tədbir çərçivəsində tibb və farmasevtika sahələrinə dair sərgi təşkil olunub, eləcə də incəsənət və əl işləri nümunələri nümayiş etdirilib”, - səfirliyin yaydığı məlumatda deyilir.