İsrail səfirliyi Tbilisi teleqülləsinin İran bayrağının rəngləri ilə işıqlandırılmasına kəskin reaksiya verdi
12.02.2026 15:31
741
Siyasət
A
İsrail səfirliyi Tbilisi teleqülləsinin İran bayrağının rəngləri ilə işıqlandırılmasına kəskin reaksiya verdi

İsrailin Gürcüstandakı səfirliyi Tbilisi teleqülləsinin (Mtatsminda) İran dövlət bayrağının rəngləri ilə işıqlandırılmasına kəskin reaksiya verib.

Aktual.ge xəbər verir ki, diplomatik təmsilçiliyin bəyanatında deyilir:

"İranın qatil, terroru dəstəkləyən rejimi öz şəhərlərinin küçələrində minlərlə insanı qətlə yetirdiyi, öz vətəndaşlarını sıxışdırdığı və həm bölgədə, həm də bütün dünyada terror fəaliyyətlərində aktiv iştirak etdiyi bir vaxtda, Tbilisidə Mtatsminda teleqülləsini İran bayrağının rəngləri ilə işıqlandıraraq, bu rejimlə birlikdə İranda İslam İnqilabının ildönümünü qeyd etmək qərarına gəliblər.

Bu, Tbilisinin bölgəyə, dünyaya və uzun müddətdir azadlıq və demokratiya uğrunda mübarizə aparan İran vətəndaşlarına göndərdiyi hansı mesajdır?".

Məlumat üçün bildirək ki, fevralın 11-i axşam saatlarında Tbilisi teleqülləsi İran İslam Respublikasının bayraq rəngləri ilə işıqlandırılıb. Həmin gün İran 1979-cu il İslam İnqilabının ildönümünü qeyd edib.

ŞƏRH YAZ
10