"Miqrasiya məsələsi Avropada gedən proseslər fonunda Gürcüstan cəmiyyətini xüsusilə narahat edir. Cəmiyyətin bu mövzuda narahatlığı və marağı əsassız deyil, əksinə, alqışlanmalıdır. Hər bir vətənpərvər gürcünün arzusu odur ki, Gürcüstan öz milli və dini kimliyini möhkəm qorusun və saxlasın".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze əhaliyə ünvanladığı video müraciətində söyləyib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstanda yaşayan əcnəbilərin 7,4 faizini türklər, 3,7 faizini isə iranlılar təşkil edir.
Baş nazir qeyd edib ki, yayılan spekulyasiyaların əksinə olaraq, regionun bu iki ölkəsinin vətəndaşlarının Gürcüstan əhalisində ümumi payı 0,7 faizdir.
“Miqrasiya və miqrasiya siyasəti ilə bağlı məlumatların ictimaiyyətlə paylaşılmasını vacib hesab edirəm.
Əhalinin ümumi siyahıyaalınmasının ilkin məlumatlarına əsasən, Gürcüstan əhalisi 3 milyon 914 min nəfərdir. Onlardan maksimum 257 min nəfəri, yəni əhalinin 6,6 faizi əcnəbidir. Dəqiqləşdirmək üçün qeyd edim ki, bu rəqəmə Gürcüstanda qeyri-qanuni yaşayan miqrantlar da daxildir.
Gürcüstanın Milli Statistika Xidməti dəqiqləşdirilmiş məlumatları bir neçə ay sonra dərc edəcək. Lakin indidən sərhəd keçid məlumatlarına əsasən, Gürcüstanda yaşayan əcnəbilərin təxmini sayını müəyyənləşdirmək mümkündür. Bu məlumatlara görə, ölkədə olan əcnəbilərin təxminən 70 faizi (yəni 180 min nəfər) postsovet və Avropa İttifaqı ölkələrinin, ABŞ və İsrail vətəndaşlarıdır. Onlardan ən azı 40 min nəfəri Gürcüstanın keçmiş vətəndaşı və ya gürcü soyadına malikdir. Gürcüstanda yaşayan əcnəbilərin 7,4 faizini türklər, 3,7 faizini isə iranlılar təşkil edir. Yəni yayılan spekulyasiyaların əksinə olaraq, regionun bu iki ölkəsinin ümumi payı Gürcüstan əhalisində 0,7 faizdir.
Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdən isə demək olar ki, miqrant yoxdur. Bu da spekulyasiya ilə məşğul olan siyasətçilərdən fərqli olaraq, məsələdən məlumatlı insanlar üçün təəccüblü olmamalıdır”, - deyə Baş nazir bildirib.