Tbilisi meri Kaxa Kaladze, müavini İrakli Bendeliani və “Tbilservis Qrupu” MMC-nin rəhbəri Giorgi Papava ilə birlikdə “Facebook”da video-müraciət yayımlayaraq havanın pisləşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Aktual.ge xəbər verir ki, paytaxt rəhbəri gözlənilən qar yağışını hazır vəziyyətdə qarşılayacaqlarını bildirib.
“Bu gecə paytaxtda və ona birləşdirilmiş ərazilərdə güclü yağıntı gözlənilir. Bələdiyyənin bütün müvafiq xidmətləri hazır vəziyyətdədir, yolların təmizlənməsi üçün lazımi texnika ilə bütün zəruri işlər görüləcək. Daxili İşlər Nazirliyinə əməkdaşlığa görə təşəkkür edirəm. Ötən güclü qar zamanı onlarla yaxşı əməkdaşlıq formalaşdırdıq. Operativ məlumatlar alırdıq, patrul polisi yol təhlükəsizliyinin təmin olunmasında bizə kömək edirdi. Zərurət yaranarsa, qaynar xətt mövcuddur, zəng edə bilərsiniz və mövcud problemlərin həlli üçün əlimizdən gələni edəcəyik”, - deyə Kaxa Kaladze qeyd edib.
Tbilisi merinin müavini bildirib ki, avtomobil yollarında hərəkətlə bağlı problem yaranmaması üçün bütün müvafiq xidmətlər səfərbər olunub.
“Sizin tapşırığınıza uyğun olaraq, meriyanın bütün müvafiq xidmətləri, eləcə də bütün rayon icra nümayəndəlikləri 24 saatlıq iş rejiminə keçib. Bütün istiqamətlər üzrə maksimum səfərbərlik var və ictimai nəqliyyatın hərəkətində hər hansı çətinlik yaranarsa, operativ şəkildə aradan qaldırılacaq. Bundan əlavə, bütün aidiyyəti qurumlarla, o cümlədən Daxili İşlər Nazirliyi ilə daimi əlaqədəyik ki, harada problem və ləngimə ola biləcəyi barədə məlumatı operativ şəkildə alaq. İstənilən çağırışa maksimum dərəcədə reaksiya verəcəyik və problem yaranmaması üçün çalışacağıq”, - deyə İrakli Bendeliani qeyd edib.
“Tbilservis Qrupu”nun rəhbəri Giorgi Papavanın sözlərinə görə, xüsusi texnika hazır vəziyyətdədir və texniki duz ehtiyatı yağıntının öhdəsindən gəlmək üçün tam kifayətdir.