Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, 6 ildən artıq yaşı olan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı qəbul edilmiş qərara dəyişiklik ediləcək.
Aktual.ge xəbər verir ki, Kobaxidze bu barədə hökumətin bugünkü iclasında çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, əvvəllər nəzərdə tutulan idxal qadağası əvəzinə belə avtomobillərə daha yüksək gömrük rüsumu – aksiz tətbiq ediləcək.
“Biz 6 ildən artıq yaşı olan avtomobillərin idxalı ilə bağlı yeni tənzimləmələr tətbiq etmişdik və indi bu qərarda müəyyən korrektələr etmək istəyirik. Konkret olaraq, idxal qadağası əvəzinə müvafiq avtomobillər üçün gömrük rəsmiləşdirilməsi üzrə 4,5 lari məbləğində tarif tətbiq olunacaq, yəni aksiz bu məbləğ əsasında müəyyən ediləcək”, – deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, belə avtomobillərin ölkəyə gətirilməsi üçün daha yüksək gömrük rüsumu qüvvədə olacaq.
“Bir kub santimetr üçün aksiz 4,5 lari təşkil edəcək. Beləliklə, idxal qadağası artırılmış aksiz tarifilə əvəz olunacaq. Bu qərar ekologiyaya, ətraf mühitin qorunmasına və havanın təmizliyinə diqqət yetirmək baxımından çox vacibdir. Hökumətin əvvəlki qərarı da məhz bu motivlə qəbul olunmuşdu. İndi isə özəl sektorun və vətəndaşların maraqları nəzərə alınaraq müəyyən dəyişikliklər etdik”, – deyə İrakli Kobaxidze qeyd edib.