"Hökumətə müraciət etmək və xahiş etmək istəyirəm: Patriarx seçkilərində heç kimin xeyrinə müdaxilə etməsin! Əksinə, qarşıdan gələn genişləndirilmiş kilsə məclisinin təhlükəsizliyini təmin etsin ki, biz sülh şəraitində toplaşıb Tanrının köməyi ilə seçim edə bilək".
Aktual.ge xəbər verir ki, bunu Marneuli və Hucabi yepiskopu Giorgi Jamdeliani sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, “təyin olunmuş” patriarx kilsəni böyük bir sınaq qarşısında qoya və hətta parçalanmaya qədər apara bilər.
“İstənilən insanın, o cümlədən hakimiyyət nümayəndələrinin hər hansı namizədə müəyyən simpatiyası ola bilər və bu tamamilə normaldır, çünki onlar da bizim kilsəmizin övladlarıdır. Lakin bu proseslərə hətta dolayı yolla belə müdaxilə etmək qətiyyən yolverilməzdir. Həvarilərin 30-cu qanunu buyurur: 'Dünyevi hakimləri köməyə çağıraraq onların vasitəsilə hakimiyyət əldə edən yepiskop vəzifəsindən kənarlaşdırılsın və uzaqlaşdırılsın; həmçinin onun bütün tərəfdarları da'. Qanuna görə, yepiskopların və patriarxların seçilməsi hüququ həmişə yepiskoplar şurasına məxsus olub. Bu barədə Yeddinci Ümumdünya Məclisinin üçüncü qanunu da danışır. Kilsə həmişə yepiskopun təyin olunması zamanı dövlət hakimiyyətinin qanunsuz müdaxiləsini pisləyib. Həvarilərin qanunu belə bir cinayəti simoniya ilə eyni hesab edir.
Hər bir baş keşiş seçkilərdən sonra hiss etməlidir ki, bu, Müqəddəs Ruh tərəfindən seçilmiş patriarxdır və ona kanonik itaət borcu var, yoxsa 'təyin olunmuş' patriarx deyil. Əks halda bu, kilsəni böyük sınaq qarşısında qoya və hətta parçalanmaya gətirib çıxara bilər. Tanrı bizi bundan qorusun! Ölülərdən dirilmiş və cəhənnəm qapılarını darmadağın etmiş Xilaskar Məsih bizə müdriklik versin ki, aramızda həmişə razılıq və Məsihə uyğun birlik hökm sürsün. Amin!” , - deyə Giorgi Jamdeliani qeyd edib.