Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahan qeydiyyatına başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.
Məlumata görə, namizədlər online.naec.ge saytında 6 may saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər.
"Müraciət edənlərin 20 aprel saat 10:00-dan 4 may saat 18:00-a qədər imtahan rüsumunu (ən azı bir imtahan üçün) ödəmələri məcburidir.
2026-cı ildən müəllimlər və müəllim olmaq istəyənlər bir fənn imtahanı əvəzinə, üçdən çox olmamaq şərtilə fənn imtahanı, həmçinin baş xüsusi müəllimlik və baza peşəkar bacarıqlar imtahanları üçün qeydiyyatdan keçmək və imtahan vermək hüququna malikdirlər.
Namizədlər nəzərə almalıdırlar ki, test tapşırığının/tapşırıqlarının məzmunu eyni olan fənləri seçə bilməzlər (o cümlədən, əgər fənnin test tapşırığı/tapşırıqları xarici dilə tərcümə edilibsə).
İştirakçılar üçün bir imtahanın qiyməti 50 lari təşkil edir. Ödəniş 'Bank of Georgia' platformaları vasitəsilə, konkret olaraq: onlayn ödəniş sistemi (bogpay.ge), internet bank (ibank.ge), mobil tətbiq (mBank) və özünəxidmət terminalları ilə həyata keçirilir.
Xüsusi imtahan şəraitinə ehtiyacı olan namizədlər qeydiyyat prosesində müvafiq xananı qeyd etməli və 6 may saat 18:00-a qədər sağlamlıq haqqında arayışı (Forma N IV-100a) Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə və ya müvafiq təhsil resurs mərkəzinə təqdim etməlidirlər.
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz bütün maraqlı şəxsləri imtahanlarla bağlı detallarla diqqətlə tanış olmağa və müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyə çağırır", - deyə məlumatda qeyd olunub.