Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan Parlamentinin fəxri medalını təqdim edib.
Aktual.ge xəbər verir ki, bu barədə Parlamentin rəsmi saytında məlumat verilib.
"Yeni parlament mükafatı, parlamentin fəxri medalı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Gürcüstan ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi və parlamentlərarası əlaqələrin inkişafına verdiyi xüsusi töhfəyə görə təqdim olunub.
Sahibə Qafarova qanunverici orqanın yeni reqlamentinə əsasən təsis edilmiş Parlamentin fəxri medalı ilə təltif olunan ilk şəxsdir.
Sahibə Qafarova iki ölkənin qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xüsusi töhfə verib. Onun sədrliyi dövründə Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əlaqələr bütün səviyyələrdə əhəmiyyətli dərəcədə fəallaşıb, həmçinin bir sıra uğurlu yüksək səviyyəli səfərlər həyata keçirilib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin mart ayında Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu sənəd parlament dostluq qrupları, sahəvi komitələr və qanunverici orqanların əməkdaşları arasında müntəzəm əlaqələrin daha da gücləndirilməsini, müxtəlif məsələlər üzrə təcrübə mübadiləsini, eləcə də beynəlxalq parlament formatları çərçivəsində əməkdaşlıq imkanlarının inkişafını nəzərdə tutur" , - məlumatda qeyd olunub.
