Lotu Qulinin qətlinə görə iki nəfər saxlanılıb – FOTO
"Lotu Quli" ləqəbi ilə tanına məşhur qanuni oğru Nadir Səlifov ötən il avqustun 20-də Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan Xan Əhmədlinski ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnərək öldürülmüş, "Xan Əhmədlinski" isə hadisə yerindən qaçan vaxt saxlanılmışdı.
Məşhur mafiya liderinin qətlinin sifarişçisi kimi 2016-cı ildə İstanbulda öldürülən digər azərbaycanlı Rövşən Lənkəranskinin klanı hesab edilirdi və Lotu Qulidən məhz onun qətlinə görə qisas alıblar.
İstanbul polisi qətl üzrə əməliyyat-istintaq tədbirlərini həyata keçirərək iki Azərbaycan vətəndaşını həbs edib.
Aktual.ge virtualaz.org-a istinadən xəbər verir ki, saxlanılanlar Əli Mövlanlı və Rəsul Həsənov adlı şəxslərdir.
Onlar 2020-ci il oktyabrın 29-da Bakıdan Ukraynaya gedəndə İstanbulda saxlanılıblar.
Bu şəxslərin Lotu Quli cinayətində əli olduqları barədə polisdə əməliyyat məlumatları olub və İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla və terrorla mübarizə idarəsinin əməliyyatçıları onları İstanbul aeroportuna enən kimi saxlayıblar.
Polis mənbələrinin bildirdiyinə görə, Əli Mövlanlı və Rəsul Həsənov qətlin planlaşdırılmasında və təşkilində iştirak ediblər. Qətldən təxminən bir saat əvvəl isə Türkiyədən qaçıblar.
Onlar cinayətdən bir neçə gün əvvəl Xaqan Zeynalovla görüşüblər, Antalyanın Serik rayonundakı otellərdən birində qalıblar və Lotu Qulinin qətlindən bir saat əvvəl təyyarə ilə Türkiyəni tərk ediblər.
X.Zeynalov hələlik sifarişçinin adını çəkmir və Lotu Qulini “xoşu gəlmədiyi üçün öldürdüyünü” deyir.