ÜGMADİ Buknari kəndində dini zəmində baş verən hadisələrlə bağlı bəyanat verdi
15.01.2021 16:24
314
Siyasət
A
ÜGMADİ Buknari kəndində dini zəmində baş verən hadisələrlə bağlı bəyanat verdi
"12.01.2021 tarixində Quria bölgəsinin Çoxatauri rayonunun Buknari kəndində ölkə dini çoxluğuna mənsub xristianlar tərəfindən kənd sakinləri olan müsəlmanlara qarşı edilən haqsızlığın ürək ağrısı ilə şahidi olduq. Digər sözlə, mövcud varlığı multikulturalizmə əsaslanan ölkəmiz Gürcüstanda, dinc yanaşı yaşama, tolerantlığın, ksenofobik və diskriminativ şəkildə kobudcasına tapdalanmasını bir daha müşahidə etdik. Hamı çox yaxşı bilir ki, ölkəmizdə bu cür xoşagəlməz halların baş verməsi birinci deyil. Təbii ki, sonuncu da olmayacaq". Aktual.ge xəbər verir ki, bununla bağlı Ümum Gürcüstan Müsəlmanları Ali dini İdarəsinin sədri və şeyxi Seyid Mirtəqi Əsədov son günlərdə Çoxaturi rayonunun Buknari kəndində yaşayan xristiyanlarla müsəlmanlar arasında dini zəmində baş verən hadisələrlə əlaqədar bəyanatında deyilir. "Şübhəsiz ki, hər bir vətəndaşın mənəvi ehtiyaclarının ödənilməsi, onların ibtidai hüquqlarından sayılır. İnsanları maraqlandıran ən əsaslı sual budur ki, ölkə dini çoxluğu tərəfdən haçanadək ölkə dini azlıqlarına qarşı bu cür xoşagəlməz hallar baş verəcək? Nə qədər ki, ölkə dini çoxluğunun liderləri, bu dinə mənsub insanlar tərəfindən baş verən ksenofobiya və diskriminasiya hallarını susqunluqla qarşılayacaqlarsa, nə qədər ki, ölkənin siyasi məsul şəxsləri vətəndaşlar qarşısındakı öz konstitusional öhdəliklərini, layiqincə yerinə yetirməkdən imtina edəcəklərsə, nə qədər ki, ölkədəki dini azlıqları seçkidən seçkiyə yada salaraq, onlara həmişə yuxarıdan aşağı baxacaqlarsa, nə qədər ki, ölkə dini çoxluğunun tərəfkeşliyindən əl çəkməyəcəklərsə, bir sözlə nə qədər ki, ölkənin dini və siyasi sükanı, üzərlərinə düşən məsuliyyətləri yerinə yetirməkdən boyun qaçıran şəxslərin əlində olacaqsa, bu cür problemlər köklü şəkildə öz həllini tapmamaqda davam edəcək. Biz Quriya bölgəsində baş vermiş xoşa gəlməz hadisənin səbəbkarlarını kəskin şəkildə qınayırıq və məsələ ilə əlaqəli aidiyyatı tərəflərdən, bu və digər oxşar problemlərin köklü həll olunmasında üzərlərinə düşən məsuliyyəti, layiqincə yerinə yetirməyi tələb edirik. İnanırıq ki, səadət dolusu yaşayış, dini və irqi mənsubiyyətindən asılı olmayaraq hər bir insanın haqqıdır. ümid edirik ki, bizim ölkə xalqları da öz rəngarəngliyi ilə, Allah, İsa Məsih (ə) və Həzrət Muhəmməd (s) sevən səadət dolusu həmin gözəl yaşayışa tezliklə nail olacaqlar",-bəyanatında deyilir.
ŞƏRH YAZ
0