Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib
23.02.2021 17:00
479
Mədəniyyət
A
Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib
Marneuli rayonunda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan "Xocalı soyqırımından Şuşanın azadlığınadək" adlı mərasim keçirilib. Aktual.ge xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) təşkil olunan tədbir soyqırımı qurbanlarının xatirəsi rühani Elçin Daşdanovun Qurani kərim oxuması və ardından isə bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Xocalı qətliamının tarixindən danışıb və faciəni insanlığa qarşı misli görünməmiş cinayət adlandırıb. O, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı hadisələri ilə bağlı sözlərini xatırladaraq qeyd edib ki, bu etiraf beynəlxalq ədalət məhkəməsi üçün dəlil kimi qiymətləndirilir. Diplomat Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici ölkələrdə aparılan kampaniyalardan danışıb. O, 14 ölkənin parlamentində faciə ilə bağlı müvafiq sənəd və qərarların qəbul olunduğunu bildirib: "Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq ədalətin zəfərinə nail oldu. Müharibə dövründə Gürcüstandakı soydaşlarımızdan misilsiz dəstək gördük. Bu dəstəklə soydaşlarımız Azərbaycana böyük sevgi və bağlılıqlarını bir daha sübut etdilər. Buna görə azərbaycanlı icmasına səfirlik adından təşəkkürümüzü bildiririk". E.Bayramovun sözlərinə görə, Xocalıya ədalət çağırışının əsas məqsədlərindən biri də bu cür soyqırımı aktlarına bir daha yol verilməməsidir. O, Gürcüstanın azərbaycanlı icmasına "Xocalıya ədalət" kampaniyasına qoşulduqlarına görə minnətdarlıq edib. Daha sonra çıxış edən GAİM-in icraçı direktoru Rafiq Hümbətov deyib ki, Xocalı faciəsinin ağrı-acısı heç zaman unudulmayacaq: "Gün gələcək faciə qurbanlarının xatirəsi Xocalıda anılacaq. Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması üçün bölgədə dayanıqlı sülhə nail olunmalıdır".
ŞƏRH YAZ
2