İslamı müsəlmanla deyil, müsəlmanı İslamla tanı! - Kamran Məmmədov
09.08.2020 12:54
1252
Din
A
İslamı müsəlmanla deyil, müsəlmanı İslamla tanı! - Kamran Məmmədov
Bir həkimin rüşvət alması yaxud xəstəsinə lazımi diqqəti göstərməməsi nə həkimlik peşəsini sual altına alar və nə də o peşəni təmsil edə bilər, eləcə də bir müəllimin vəzifəsinin öhdəsindən layiqincə gəlməməsi müəllimlik peşəsinə nə xələl gətirər nə də onu təmsil edə bilməz. Məntiqli olanı da budur, çünki müəllimlik və həkimlik cəmiyyət üçün çox önəmli peşələrdir, bunlarda problem ola bilməz, problem bu sahəyə mənsub olan şəxslərdə ola bilər. Bu qanun müqəddəs İslam dini haqqında da keçərlidir. Beləki, bir qrup müsəlmanın rəftarı və düşüncələri nə İslama xələl gətirər nə də o dinin təmsilçisi ola bilər. Ancaq təəssüflə deməliyik ki, bəzi insanlar İslamı Quranla deyil, müsəlmanla tanıyır. Bu gün İslam dini haqqında bildirilən bir çox yalnış fikirlərin arxasında bir qrup müsəlman yaxud dindar kütlənin rəftar və əməlləri dayanır. Yəni bu gün bəzi müsəlmanların praktiki həyat tərzi İslam dininin doğru bir din olub olmamasının ölçü meyarı olub. Bir dəstə müsəlman terroristdirsə İslam olur terror dini, müəyyən bir yerdə yaşayan bir qrup müsalman elmə əhəmiyyət vermirsə İslam olur elmlə mübarizə aparan bir din, bir qrup müsalman arasında erkən evlilik adəti varsa İslam olur erkən evliliyə təşviq edən din və.s. Məsələyə biraz da aydınlıq gətirmək üçün İslam dini ilə bağlı 3 növ bölgünü nəzərinizə çatdırmaq istərdik. Üç növ İslam İslam 1 - Quran, Məhəmməd peyğəmbər (s) və məsum imamların təqdim etdiyi İslam. İslam 2 - İslam alimlərinin Quran və hədislərə (peyğəmbər və məsum imamların kəlamları) verdikləri izah. İslam 3 – Müsəlmanın əməldə təqdim etdiyi İslam. İslama qarşı səsləndirilən fikirlərin arxasında əsasən 3-cü növ İslam durur. Peyğəmbər və Quranın təqdim etdiyi İslamı araşdırmadan İslam haqqında fikir bildirmək isə yalnış işdir. Günümüzdən buna bir örnək vermək də olar. Məlum olduğu kimi son zamanlar İslam dini terror dini olmaqda ittiham olunur. Çünki müəyyən “müsəlman qruplaşmalar” İslam adına bunu ediblər. Bunun isə İslamla heç bir əlaqəsi yoxdur, ona görə ki; Birincisi: Məsum bir insanı öldürməyin yer üzünün bütün insanlarını öldürməyə bərabər bilən bir din necə belə bir şeyə əmr edə bilər? (Maidə surəsi,32) İkincisi: Ərəb dilindən gələn “İslam”, “müsəlman” və müsəlmanların ən çox istifadə etdiyi “salam” sözlərinin kökü “sələmə” kəlməsidir, bu sözün bir mənası isə sülh və əmin-amanlıqdır. Üçüncüsü: Hz. Məhəmməd peyğəmbərin (s) müsəlmanın kim olması haqda verdiyi tərifə görə müsəlman o şəxsdir ki, ətrafındakılar onun dili və əlindən zərər və ziyan görməsin. Dördüncüsü: Bildiyiniz kimi, terror aktı törədən bəzi müsəlmanlar öz əməllərinə əsas götürdükləri “cihad” anlayışıdır. Cihad edərək İslama xidmət etdikllərini düşünürlər. Cihadı isə əsasən müharibə etmək və qan tökmək anlamında izah edirlər. Ancaq cihad haqqında Quranda maraqlı məqamlar mövcuddur. İlk olaraq cihadla bağlı bunu qeyd edim ki, ərəbcədən tərcümədə cihad sözü çalışmaq mənasınadır. Yəni müxtəlif formalarda çalışaraq İlahi və insani dəyərlərə xidmət etmək. Quranda cihad kəlməsi 35 dəfə təkrar olub, onun 31 dəfəsində müharibə ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan 31 ayə Məkkə şəhərində nazil olub və müəyyən səbəblərə görə Məkkə şəhərində müsəlmanların əllərinə silah almaları qadağan idi. Demək ki, bu ayələrdə qeyd olunan cihad kəlməsi başqa məqsədlər üçün nazil olub. Quranda cihad kəlməsindən istifadə edərək müharibəyə toxunan ayələr isə əsasən özünü müdafiə xarakterli olan müharibə növünə toxunur. Yəni sənə hücum edərlərsə, zülmə məruz qalarsansa və.s. məqamlarda müharibə etməyə icazə verilir (Əl-Həcc 39, Əl-Bəqərə 190). Bu növ müharibə isə BMT-nin əsasnaməsinin 51-ci maddəsində göstərilən “self defence” - özünü müdafiə xarakterli müharibə ilə heç bir fərqi yoxdur. Yuxarıda qeyd olunan terrorizm məsələsi İslama qarşı olunan ittihamlardan biridir və bunun kimi məsələlər çoxdur. Hansılar ki, bəzi “müsəlmanlar” üzərindən gəlinən qənaətlərə dayanır. Doğru olanı isə müsəlmanı İslam və Quranla tanımaq lazımdır. Kamran MƏMMƏDOV Aktual.ge xəbər portalının İlahiyyatçı köşə yazarı.
ŞƏRH YAZ
0