Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, parlament deputatları, nazirlər, diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Sonra Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Səfir Faiq Quliyev çıxış edərək bildirib ki, tariximizin müxtəlif dövrlərində ağır sınaqlardan keçsək də, müstəqillik arzusu heç zaman sönməyib.
"Bu gün qüdrətli və qalib Azərbaycan dövləti həmin arzunun, həmin inamın və mübarizənin bəhrəsidir. “Biz fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. Bu günün xüsusi mənası da ondadır ki, müasir Azərbaycan və Gürcüstan dövlətçiliyinin yolları məhz burada, Tbilisidə kəsişmişdi. Tarix xalqlarımıza eyni dövrdə və eyni məkanda azadlıq imkanı verdi. Bu, sadəcə tarixi təsadüf deyil, xalqlarımızın taleyini birləşdirən böyük bir mirasdır”, – deyə diplomat vurğulayıb.
Səfir mayın 26-da dost, qardaş Gürcüstanın Milli bayramı – Müstəqillik Gününü qeyd edəcəyini bildirib.
“Mayın 18-də Bakıda Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış sənədə əsasən, mayın 25-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Dəmir yolların açılışı ilkin mərhələdə yalnız Gürcüstan istiqamətində həyata keçiriləcək. İlk qatar bu axşam 23:10-da Bakıdan yola düşəcək, mayın 26-da səhər saatlarında Gürcüstanın Müstəqillik Günündə Tbilisiyə çatacaq. Şübhəsiz ki, bu hadisə dərin rəmzi məna daşıyır və məhz bu günə təsadüf etməsi Prezident İlham Əliyevin xüsusi qərarı və göstərişi əsasında baş tutur” - deyə o, qeyd edib.
Daha sonra çıxış edən Parlamentin sədri Şalva Papuaşvili Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək bunun həm dost və qardaş Azərbaycan, həm də Gürcüstan üçün əlamətdar tarix olduğunu bildirib. Spiker hər iki xalqın əsrlər boyu dostluq münasibətləri saxladığını və bu əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb.
Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun ansamblı, “Ranina” vokal müsabiqəsində “Şən Azərbaycan” mahnısını ifa edən qrupun üzvləri və rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Daha ətraflı video xəbəri təqdim edirik: