İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Aktual.ge Oxu-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
"Biz İsrailin şimal bölgəsində yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalacağıq. İsrailin baş naziri kimi bu məsələdə mövqeyim qətidir və heç nə onu dəyişməyəcək", - deyə o, qeyd edib.
Netanyahu İranla bağlı da mövqeyini açıqlayıb.
"Diplomatik cəbhədə baş verənlərdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyəm. Mən İsrailin baş naziri olduğum müddətdə bu baş verməyəcək", - deyə o vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, İsrail son bir il ərzində İrana qarşı iki böyük əməliyyat həyata keçirib.
"Biz bu əməliyyatlara İran rejiminin yaratdığı məhv təhlükəsinin qarşısını almaq üçün başladıq. Əgər hərəkətə keçməsəydik, həmin rejim artıq atom bombalarına sahib olardı və onlardan istifadə edərdi", - deyə Netanyahu əlavə edib.