Baş nazir Tacikistana rəsmi səfərə yola düşüb
Bugün
159
Siyasət
A
Baş nazir Tacikistana rəsmi səfərə yola düşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistan Respublikasına rəsmi səfərə yola düşüb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyası yayır.

Düşənbə Beynəlxalq Hava Limanında hökumət başçısının rəsmi qarşılanma mərasimi keçiriləcək. İrakli Kobaxidzeni Tacikistan Respublikasının Baş naziri Koxir Rəsulzadə qarşılayacaq.

Rəsmi səfər çərçivəsində Gürcüstan Baş nazirinin tacikistanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır.

Gürcüstan hökumətinin başçısını Prezident Sarayında Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmon qəbul edəcək. Görüşdən sonra liderlər mətbuat üçün birgə bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Baş nazirin Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə də görüşü nəzərdə tutulub.

İrakli Kobaxidze Tacikistan Respublikasına nümayəndə heyəti ilə birlikdə yola düşüb. Heyətin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, elm, təhsil və gənclər naziri Qivi Mikanadze, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Qeyd edək ki, bir həftə öncə, 11 iyun tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qırğızıstan Respublikasına səfər etmişdi.

ŞƏRH YAZ
1