Tbilisidə Rusiya vətəndaşı öldürülüb.
Aktual.ge xəbər verir ki, hadisə bir neçə saat əvvəl paytaxtın Barataşvili yoxuşunda baş verib.
Məlumata görə, öldürülən şəxs iki gün əvvəl Gürcüstana gəlib. Rusiya vətəndaşının sərhədi avqustun 26-da keçdiyi qeydə alınıb.
“Gənc kişi öldürülüb. Gürcüstan vətəndaşı deyil. Bildiyimizə görə, iki gün əvvəl Rusiya sərhədini keçib. Deyilənə görə, qarşıdurma ‘Spar’ marketində başlayıb və bundan sonra kameraların görüntülərinə əsasən Barataşvili istiqamətində hərəkət ediblər. Buradakı kameraların heç biri işləmir və nə baş verdiyini, hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb. Mən də burada yaşayıram, amma qarşıdurma səsi eşidilməyib. Öldürülən şəxs təxminən 40 yaşlarında olar”, - deyə vətəndaş "TvPirveli"yə bildirib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Sözügedən maddə qəsdən adam öldürməni nəzərdə tutur.