Marneulidə gənclərin iştirakı ilə narkomaniyanın zərərli təsirlərinə həsr olunmuş sosial filmin təqdimatı keçirilib.
Aktual.ge xəbər verir ki, Ahəng Gənclər Birliyinin təşəbbüsü ilə hazırlanmış sosial film narkomaniyanın insan həyatına və cəmiyyətə mənfi təsirlərinə diqqət çəkmək, gənclər arasında maarifləndirməni artırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə vermək məqsədi daşıyır.
Filmin təqdimat mərasimində ictimaiyyət nümayəndələri, tələbələr və gənclərlə yanaşı, Qafqaz Universitetinin Marketinq üzrə Layihələr Meneceri Ceyhun Məmmədəli də iştirak edib.
Qafqaz Universiteti gənclərin bu sosial təşəbbüsünü dəstəkləyərək filmin hazırlanmasında iştirak edən 8 gənci təşəkkür və təltifnamələrlə mükafatlandırıb.
Təltif olunanlar arasında filmin ideya müəllifi və baş rejissoru Dinar Əhmədov, həmçinin filmdə rol alan gənclər — Qurban Kasumov, Məhəmməd Zərgarov, Tərxan Ömərov, Aysun Mursakulova, Zamirə İsaeva, Laman Nabiyeva və Elminaz Osmanova yer alıblar.
Tədbirdə çıxış edən Ceyhun Məmmədəli gəncləri sosial təşəbbüsləri və fəal iştiraklarına görə təbrik edib, onların cəmiyyət üçün aktual olan məsələlərə diqqət çəkən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qafqaz Universiteti gənclərin yaradıcılıq, sosial fəallıq və ictimai təşəbbüslərinin dəstəklənməsinə xüsusi önəm verir. Universitet tərəfindən təqdim olunan təltifnamələr gənclərin bu istiqamətdə fəaliyyətinə verilən dəstəyin göstəricisidir.

