2027-ci ildə yol infrastrukturunun yaxşılaşdırılması üçün 1 milyard 332 milyon lariyə qədər vəsait nəzərdə tutulub, bunun 723 milyon larisi sürətli avtomobil magistrallarının tikintisinə ayrılacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasında qeyd olunub.
Büdcə layihəsinə əsasən, gələn il bir sıra iri yol infrastrukturu layihələrinin tikintisi, rekonstruksiyası və ya reabilitasiyasının davam etdirilməsi planlaşdırılır.
Bununla yanaşı, sənəddə hökumətin gələn il tikintisinə başlamaq istədiyi bir neçə layihə də sadalanıb.
Belə ki, 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasına əsasən, gələn il aşağıdakı layihələrin icrasına başlanılacaq:
- Tbilisi ətraf yolunun tikintisi – 210 milyon lari ayrılıb;
- Mtsxeta-Stefantsminda-Lars avtomobil yolunun Tsitsamuri-Jinvali hissəsinin tikintisi – 50 milyon lari nəzərdə tutulub;
- Tbilisi-Rustavi yolunun II hissəsinin tikintisi – 50 milyon lari ayrılıb;
- Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı yollarının tikintisi – 105,5 milyon lari yönəldiləcək;
- Anakliya limanına gedən yolun tikintisi – 30 milyon lari nəzərdə tutulub.
Bununla yanaşı, qeyd olunur ki, büdcə layihəsinə əsasən, 2027-ci ildə avtomobil yollarının dövri təmiri və reabilitasiyası üçün 400 milyon lari ayrılması planlaşdırılır.
Məlumat üçün bildirək ki, 2027-ci il dövlət büdcəsi layihəsi hazırda ilkin versiyadır və sənədin yekun təsdiqinə qədər layihədə dəyişiklik və düzəlişlərin edilməsi mümkündür.