“Bu, ideallarımıza xəyanət edən, şəxsi maddi rifahını vətənə, prinsiplərə və komanda birliyinə dəyişən insanın karyerasını nə qədər ağır, eyni zamanda nə qədər faciəvi şəkildə başa vurmasının növbəti dərsidir”.
Aktual.ge xəbər verir ki, bu sözlərlə “Gürcü Arzusu”nun regional katibi, Parlamentin üzvü Dimitri Samxaradze keçmiş Baş nazir İrakli Qaribaşvilinin cəzaçəkmə müəssisəsindən göndərdiyi məktuba münasibət bildirib.
“Keçmiş Baş nazir İrakli Qaribaşvili özünün etiraf etdiyi korrupsiya cinayətindən sonra həbsxanadan 'Gürcü Arzusu'na və partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı təhqiramiz, çirkli kampaniyaya başladıqdan sonra mən, partiyanın regional katibi kimi, indiyədək ictimai mövqeyimi bildirməmişəm.
Maraqlanırdım və gözləyirdim ki, özünü cinayətkar kimi etiraf edən insan hansı yoldan keçəcək, bir vaxtlar təəssüf ki, komandamızın lideri olmuş və yenə də təəssüf ki, əvvəlcə korrupsiyaya bulaşmış, daha sonra cinayətini etiraf edərək cəzasını qəbul etmiş insan hansı dərəcədə deqradasiyaya uğrayacaq.
Təəssüf ki, Qaribaşvili özünün qanunsuz əldə etdiyi pulla özünün maliyyələşdirdiyi tualetin makulaturasının – 'Asaval-Dasavali'nin səviyyəsinə enib. Təbii ki, mən bu şəxsin sayıqlamalarının məzmununu müzakirə etmək niyyətində deyiləm, çünki onun heç bir sözü rasional müzakirəyə tab gətirmir. Onun başına gələnlər onun şəxsi, siyasi və insani faciəsidir.
Mən sadəcə siyasi komandamızın böyük ailəsinə demək istəyirəm: bu, ideallarımıza xəyanət edən, şəxsi maddi rifahını vətənə, prinsiplərə və komanda birliyinə dəyişən insanın karyerasını nə qədər ağır, eyni zamanda nə qədər faciəvi şəkildə başa vurmasının növbəti dərsidir.
Sonda isə 'Gürcü Arzusu'nun sadiq, əsl əsgərlərinə müraciət edirəm: vətəni geri qaytarmaq, agenturanı aradan qaldırmaq və ölkəni azad etmək uğrunda bizim kompromissiz mübarizəmiz 2011-ci ildə dövlət xadiminin rəhbərliyi ilə başladı. O vaxtdan bəri hər bir günümüz xalqın böyük qələbəsini qorumaq, bu dəyərli nailiyyəti hifz etmək prosesidir.
Bu çətin yolda şahidi olduğumuz çoxsaylı xəyanətlərin qarşılığında isə bizim 'Gürcü Arzusu'nun əsl əsgərlərinin, bir-birimizə nümayiş etdirdiyimiz birlik dayanır. Məhz bu möhkəm birliklə vətənimizi gücləndiririk”, - deyə Dimitri Samxaradze qeyd edib.