Qaribaşvili sual edərək ictimaiyyətə yeni məktub ünvanlayıb
29.09.2026 20:22
201
Siyasət
A
Qaribaşvili sual edərək ictimaiyyətə yeni məktub ünvanlayıb

“2024-cü ilin yanvarında rəhbərlik etdiyim hökumətin fəaliyyətinin bəyənilmə reytinqi 60 faiz idi, partiyanın reytinqi də eyni səviyyədə idi. O vaxtdan demək olar ki, üç il keçib və xalqdan soruşmaq istəyirəm: ölkədə vəziyyət yaxşılaşıb, yoxsa pisləşib – daxili və ya xarici siyasət istiqamətində?!”

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili ictimaiyyətə növbəti məktun ünvanlayın.

O, geniş məktubunda 2021-ci ildə Baş nazir vəzifəsinə hansı şəraitdə qayıtdığından danışıb.

Eks-hökumət rəhbəri 2021-2024-cü illərdəki hakimiyyəti dövründən, öz mövqeyinə görə əldə olunan iqtisadi və siyasi nəticələrdən bəhs edib və cəmiyyətə müraciət edərək onun vəzifədən getməsindən sonra ölkədə vəziyyətin yaxşılaşıb, yoxsa pisləşdiyini soruşub.

İrakli Qaribaşvili geniş açıqlamasında Giorgi Qaxarianın istefasından sonra yaranan böhrana, ikirəqəmli iqtisadi artıma, xarici siyasətdə əldə olunan nəticələrə və Gürcüstanın Aİ-yə namizəd statusu almasına diqqət çəkib.

Bununla yanaşı, o, keçmiş Baş nazir Giorgi Qaxarianı “xəyanət etməkdə” ittiham edib.

“Cəmiyyətə faktlarla xatırlatmaq istəyirəm ki, 2021-ci ilin fevralında baş nazir vəzifəsinə hansı şəraitdə qayıtdım:

Ölkədə kəskin siyasi böhran, COVID-19 pandemiyası (vaksin çatışmazlığı), ölkənin qapanması, iqtisadiyyatın dayanması, iqtisadiyyatda 6 faizlik geriləmə, büdcə kəsirinin 9 faizə çatması var idi. Hökumətin borcu ÜDM-ə nisbətdə 60 faizi keçmişdi, larinin məzənnəsi 3,3-3,4 səviyyəsinə yüksəlmişdi. Hər şey dayanmışdı və ölkə faktiki olaraq 'defolt' təhlükəsi ilə üz-üzə idi.

Belə böhran vəziyyətində olan ölkəni və komandanı Qaxaria tərk etdi, qəfil xəyanət edərək istefa verdi. Hakimiyyət dağılmaq üzrə idi, hakim partiya demoralizə olunmuşdu, komanda çaşqın vəziyyətdə idi, partiyanın həmin vaxtkı reytinqi isə 35-37 faizə qədər düşmüşdü. Mən belə dağılmış hakimiyyəti 2021-ci il fevralın 18-də təhvil aldım.

Baş nazir təyin olunandan dərhal sonra, ən qısa müddətdə tarazlığı bərpa etdik, komandanı gücləndirdik, vəziyyəti sabitləşdirdik. Komanda ilə birlikdə cəsarətli, təsirli, səmərəli və həmin dövr üçün riskli addımlar atdıq: ölkəni açdıq, üç növ vaksin gətirdik, COVID diktaturasından imtina etdik və xalqımıza vaksinasiya ilə bağlı tam azadlıq elan etdim.

Paralel olaraq bağlı iqtisadiyyatı açdıq, biznes və iqtisadi inkişafa güclü təkan verdik. COVID şəraitində bütün ölkə üzrə yeni təşəbbüslərin həyata keçirilməsinə, iri infrastruktur layihələrinə, regionların yenilənməsi proqramına başladıq və bütün bələdiyyələrdə işləri genişləndirdik.

Həmin il yerli seçkilərdə inamlı qələbə qazandıq. 43 faizlik baryeri keçərək 47 faiz səs topladıq.

Destabilizasiyanın və Saakaşvilinin iştirakı ilə inqilab cəhdi riskinin qarşısını aldıq, bütün destruktiv qüvvələrə layiq olduqları yeri göstərdik və siyasi böhranı başa çatdırdıq. Nəhayət, həm 2021-ci, həm də 2022-ci ili misilsiz ikirəqəmli iqtisadi artımla başa vurduq.

Ölkə iqtisadiyyatı mənim üç illik hakimiyyətim dövründə ən sürətlə böyüdü. Üç il ərzində iqtisadiyyat 30 milyard lari artdı. İnflyasiyanı nəzarətdə saxlamağa nail olduq – inflyasiya hədəf göstəricisindən aşağı düşdü və ayrı-ayrı dövrlərdə hətta 1 faizdən də aşağı oldu. Nəticədə qiymətlərə təzyiq aradan qalxdı.

Məsələn, Türkiyə bazarının açılması və dərmanlara istinad qiymətlərinin tətbiqi ilə dərmanların qiyməti dərhal aşağı düşdü – orta hesabla 30-40 faiz azaldı. Nəticədə iki il ərzində ölkə əhalisinə 400 milyon lari qənaət etdik. Burada onu da xatırladım ki, bundan əvvəl dərmanlar 100-300 faizlik qiymət artımı ilə satılırdı və effektiv nəzarət mövcud deyildi.

Büdcə kəsirini 9 faizdən 2,8 faizə endirdik, larinin məzənnəsini 2,6-2,7 aralığında sabitləşdirdik. Hökumətin borcunu üç il ərzində kəskin şəkildə – 60 faizdən 38 faizə qədər azaltdıq.

Əhaliyə, xüsusilə də maddi çətinlik yaşayan vətəndaşlara yönəlmiş məqsədli proqramlar vasitəsilə (məsələn, hər il 500 milyon lari ayırdıq və sosial cəhətdən həssas ailələrin uşaqlarına aylıq əlavələr təyin etdik) işsizlik və yoxsulluq səviyyəsi tarixi minimuma endi, on minlərlə yeni iş yeri yaradıldı.

Uzun illik fasilədən sonra dövlət qulluqçularının maaşlarını artırdıq. Üç il ərzində polis, hərbçilər və xüsusi xidmət əməkdaşlarının maaşlarını 40-50 faiz artırdıq. Pensiyaları yüksəltdik, müəllim və həkimlərin maaşlarını artırdıq.

Yüksək və real iqtisadi artım bizə il ərzində dövlət büdcəsini dəfələrlə artırmağa və əlavə vəsaitləri ölkənin və əhalinin müxtəlif ehtiyaclarına yönəltməyə imkan verirdi.

Bütün sahələr və bütün istiqamətlər sürətli templə inkişaf edirdi. Gürcüstan iqtisadi artım tempinə görə Avropa İttifaqına üzv və namizəd ölkələr arasında birinci yerdə idi. Aşağı inflyasiya göstəricisinə görə üçüncü yerdə, hökumət borcunun aşağı səviyyəsinə görə isə onuncu yerdə idik.

Mənim üç illik hakimiyyətim dövründə komanda ilə birlikdə ən mürəkkəb böhranların öhdəsindən gəldik. İnqilab və ölkənin müharibəyə cəlb olunması ilə bağlı real təhlükələrin qarşısını aldıq.

Rusiya-Ukrayna müharibəsi başlayan ilk günlərdən etibarən, ən ağır təzyiq və təzyiqlərə baxmayaraq, ölkəmizin milli maraqlarını qətiyyətlə və güzəştsiz şəkildə müdafiə etdik, destabilizasiyanın və real müharibə təhlükəsinin qarşısını aldıq. Ölkə daxilində sürətli inkişafla paralel olaraq fəal xarici siyasət həyata keçirirdik.

Üç il ərzində 25 xarici səfər həyata keçirdik. Avropa İttifaqına üzvlük üçün müraciət etdik. Yeni strateji sazişlər və azad ticarət müqavilələri imzaladıq.

Çinə, Brüsselə, Avropanın paytaxtlarına, Amerikaya, Yaxın Şərq və Körfəz ölkələrinə, İsrail və İordaniyaya uğurlu səfərlər etdim. (Ümüqəddəs Patriarx II İliyanın xeyir-duası ilə Gürcüstan 300 ildən sonra müqəddəs torpaqlara qayıtdı.)

Regionda dostluq və strateji münasibətləri gücləndirdik. Son dövrdə Azərbaycan və Ermənistan arasında ilk vasitəçilik məhz mənim iştirakımla həyata keçirildi. Həmçinin ilk dəfə hər üç ölkənin baş nazirlərinin görüşü Tbilisidə keçirildi.

Və nəhayət:

Nə ölkə daxilində, nə də ölkə xaricində heç kimin qarşısında baş əymədən, yalnız ölkəmizin milli maraqlarını güzəştsiz şəkildə qoruyaraq və komandamızın birgə səyi nəticəsində 2023-cü ilin dekabrında Avropa İttifaqının namizəd statusunu əldə etdik.

Əldə olunan nəticələr və ən əsası, demokratik üsullarla bütün radikal müxalifəti siyasi baxımdan sıfırladıq, heç kimə deyəcək və danışacaq söz qoymadıq. 2024-cü ilin yanvarında rəhbərlik etdiyim hökumətin fəaliyyətinin bəyənilmə reytinqi 60 faiz idi, partiyanın reytinqi də eyni səviyyədə idi.

Bu nəticələrlə 2024-cü ilin yanvar ayının sonunda baş nazir vəzifəsini tərk etdim.

O vaxtdan demək olar ki, üç il keçib və xalqdan soruşmaq istəyirəm: ölkədə vəziyyət yaxşılaşıb, yoxsa pisləşib – daxili və ya xarici siyasət istiqamətində?!” , – deyə İrakli Qaribaşvili qeyd edib.

ŞƏRH YAZ
0