Aİ Gürcüstanın təşkilata üzv dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır | Papuaşvili
Bugün
106
Siyasət
A
Aİ Gürcüstanın təşkilata üzv dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır | Papuaşvili

Brüssel Gürcüstanın Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli münasibətlərini məhdudlaşdırmağa çalışır.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Çexiyada jurnalistlərə açıqlamasında bildirib.

Papuaşvilinin sözlərinə görə, müxtəlif mənbələrdən Brüsselin Aİ üzv dövlətlərinin paytaxtlarına Gürcüstan nümayəndə heyətləri ilə görüşlərin keçirilməməsi barədə təlimatlar göndərdiyinə dair məlumatlar daxil olur.

O, Çexiyaya səfəri çərçivəsində parlamentin sədri, Xarici İşlər Komitəsinin rəhbəri, hökumət üzvləri, o cümlədən baş nazirin birinci müavini və müdafiə naziri ilə görüşlər keçirdiyini bildirib.

Papuaşvili Avropa İttifaqına üzv ölkələrdə Brüsselin bu yanaşmasını dəstəkləməyən qüvvələrin olduğunu deyib və Gürcüstanın həmin dövlətlərlə ikitərəfli əlaqələrinin qorunmasının vacibliyini vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, Brüssel 2024-cü il seçkilərindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyinə nail ola bilmədiyi üçün ölkəyə qarşı təzyiq siyasəti həyata keçirir. O, bu siyasətin Gürcüstanın Avropa İttifaqına üzv dövlətlərlə münasibətlərinə də təsir göstərməyə yönəldiyini bildirib.

Spiker Çexiya ilə iqtisadi və enerji əməkdaşlığına da toxunub. Onun sözlərinə görə, Çexiya xam neftinin 40 faizini Gürcüstan vasitəsilə Azərbaycandan idxal edir. O, həmçinin Azərbaycan və Çexiya arasında qaz təchizatı ilə bağlı müqavilənin imzalandığını və bu çərçivədə qazın Orta Dəhliz və Gürcüstan üzərindən nəqlinin nəzərdə tutulduğunu qeyd edib.

Papuaşvili Gürcüstan və Çexiya arasında parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Çexiya parlamentinin sədrini Gürcüstana dəvət etdiyini və yaxın gələcəkdə səfərin baş tutacağına ümid etdiyini bildirib.

ŞƏRH YAZ
3