Qızılhacılı Məscid axundundan müzakirələrə səbəb olacaq paylaşım - FOTO
Bugün
631
Siyasət
A
Qızılhacılı Məscid axundundan müzakirələrə səbəb olacaq paylaşım - FOTO

Qızılhacılı Hz İmam Həsən (ə) Məscidinin axundu Fuad İsayev kənddəki bir sıra problemləri sadalayıb və aidiyyatı qurumlar tərəfindən həlli istiqamətində addımlar atmağa çağırıb.

Aktual.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

Fuad İsayevin paylaşımını olduğu kimi təqdim edirik:

"Qızılhacılı kəndində mövcud olan əsas problemlər

Qızılhacılı kəndinin sakinləri olaraq uzun illərdir həllini gözləyən bir sıra problemləri diqqətə çatdırmaq istəyirik. Məqsədimiz tənqid etmək deyil, kəndimizin inkişafına töhfə vermək və mövcud vəziyyətlə bağlı aidiyyəti qurumların diqqətini çəkməkdir.

Hazırda kənddə aşağıdakı əsas problemlər müşahidə olunur:

1. Yol infrastrukturunun bərbad vəziyyətdə olması;

2. Kənddə park və istirahət məkanlarının olmaması;

3. Bir çox küçələrdə ad lövhələrinin quraşdırılmaması, nəticədə təcili yardım və digər xidmətlərin ünvanları müəyyənləşdirməkdə çətinlik çəkməsi;

4. Bəzi küçələrdə sovet dövründən qalmış və istifadəyə yararsız hala düşmüş elektrik dirəklərinin hələ də dəyişdirilməməsi;

5. Ana yolda işıqlandırmanın kifayət etməməsi;

6. Mövcud küçə işıqlarının yolları lazımi səviyyədə işıqlandırmaması;

7. Kanalizasiya sisteminin uzun illərdir tam şəkildə bərpa olunmaması;

8.Kənd əhalisinin dini həssaslıqları nəzərə alınaraq, uşaq bağçalarında təqdim olunan qida məhsulları ilə bağlı yaranan narahatlıqlar.

(Müsəlmanların yaşadığı məntəqələrdə uşaq bağçalarında verilən ət məhsullarının islam şəriətinə uyğun formada kəsilməməsi)

Qeyd:

Biz nə siyasətçiyik, nə iqtidar, nə də müxalifət nümayəndələriyik. Biz bu ölkənin vətəndaşlarıyıq. Dövlətimizi, bayrağımızı, vətənimizi və bütün vətəndaşlarımızı sevirik. Ölkəsinə və xalqına xidmət edən hər bir insana da hörmətlə yanaşırıq.

Bu məsələləri gündəmə gətirməkdə məqsədimiz heç bir quruma və ya şəxsə qarşı qərəz nümayiş etdirmək deyil. Burada nə şəxsi maraq, nə də başqa bir məqsəd mövcuddur. Məqsədimiz yalnız kəndimizin problemlərinin həllinə töhfə verməkdir.

Bəziləri soruşa bilər ki, bu problemlər niyə indi səsləndirilir?

Cavab sadədir: bu məsələlərin bir çoxu illərdir sakinlər tərəfindən müxtəlif formalarda dilə gətirilib. Biz də dəfələrlə səsləndirmiş, anlayış göstərmiş və problemlərin həll olunacağı ümidi ilə səbrlə gözləmişik. Bu gün də həmin ümidimizi qoruyuruq.

Sadəcə olaraq aidiyyəti qurumlardan və məsul şəxslərdən xahiş edirik ki, Qızılhacılı kəndinin sakinlərinin səsini eşitsinlər, qeyd olunan problemlərlə bağlı rəsmi mövqe və açıqlama təqdim etsinlər. Problemlərin həlli istiqamətində görülən və ya planlaşdırılan işlər barədə məlumat verilməsi insanlar arasında daha çox ümid və inam yaradacaqdır.

İnanırıq ki, qarşılıqlı anlayış, dialoq və əməkdaşlıq nəticəsində bu problemlərin həlli istiqamətində müsbət addımlar atılacaq".

ŞƏRH YAZ
0