Gürcüstan Daxili İşlər Nazirliyi miqrasiya proseslərinin daha effektiv idarə olunması və dövlət təhlükəsizliyinin gücləndirilməsi məqsədilə genişmiqyaslı qanunvericilik dəyişiklikləri paketi hazırlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin hazırladığı layihə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna və ondan irəli gələn digər normativ aktlara dəyişiklikləri nəzərdə tutur.
Məlumata görə, mövcud qanunvericilik xarici tələbələrin təhsili ilə bağlı ətraflı tənzimləmələri ehtiva etmir. Praktikada isə xarici vətəndaşların formal olaraq universitetlərə qəbul edildiyi, lakin faktiki olaraq təhsil prosesində iştirak etmədiyi hallar qeydə alınır.
Bu səbəbdən yeni dəyişikliklərə əsasən, ali və peşə təhsili müəssisələrinə qəbul olunan xarici tələbələrdən beynəlxalq dil sertifikatı təqdim etmək və ya Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin təşkil etdiyi xarici dil və ya dövlət dili imtahanını vermək tələb olunacaq.
Bundan əlavə, Gürcüstan hökumətinin qərarı ilə təhsil müəssisələri üçün xarici tələbələrin qəbulu üzrə maksimum kvotalar müəyyən ediləcək.
Təhsil müəssisələri xarici tələbələrin qəbul olunması, qeydiyyatı, statusunun dayandırılması, bərpası, köçürülməsi və təhsilin başa çatması barədə məlumatları vahid informasiya sisteminə daxil etməyə borclu olacaqlar. Bu sistemə aidiyyəti dövlət qurumları da çıxış əldə edəcək.
Qanun layihəsi təhsil müəssisələri üçün xarici tələbələrin uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutur. Sanksiyalar arasında cərimələr, xarici tələbələrin qəbuluna məhdudiyyət qoyulması və hətta akkreditasiyanın ləğvi də yer alır.
Dəyişikliklər təhsil məqsədli yaşayış icazələrinin verilməsi qaydalarını da tənzimləyəcək. Belə icazə yalnız akkreditə olunmuş ali və ya peşə təhsili müəssisəsində təhsil alan yetkinlik yaşına çatmış şəxslərə veriləcək.
Qanun layihəsində xarici tələbənin yaşayış icazəsinin ləğv edilməsi üçün yeni əsaslar da müəyyən edilir. Bunlara akademik tələblərin yerinə yetirilməməsi, əmək fəaliyyəti şərtlərinin pozulması və ya qanunla müəyyən olunmuş müddətdə faktiki olaraq Gürcüstanda olmaması daxildir.
Dəyişikliklər Gürcüstan vətəndaşı ilə əcnəbi arasında nikah əsasında yaşayış icazəsinin verilməsi məsələlərini də əhatə edir. Yeni yaşayış icazəsi növü – “Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi” təsis ediləcək və daimi yaşayış icazəsi alınana qədər qüvvədə olacaq.
Bununla yanaşı, belə icazənin verilməsindən əvvəl nikahın həqiqiliyi yoxlanılacaq və bu məqsədlə xüsusi komissiya yaradılacaq.
Qanunvericilik dəyişikliklərinə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbi arasında Gürcüstan vətəndaşlığı, yaşayış icazəsi və ya ölkədə qalmaq üçün digər hüquqi əsasların əldə edilməsi məqsədilə bağlanan saxta nikah cinayət məsuliyyəti yaradacaq.
Belə hallarda əcnəbinin Gürcüstandan çıxarılması və 2 ildən 10 ilədək ölkəyə girişinə qadağa qoyulması, cərimə, 1 ildən 2 ilədək ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Qanun layihəsi həmçinin xarici məhkumların cəzasının qalan hissəsinin ölkədən çıxarılma və Gürcüstana giriş qadağası ilə əvəz olunmasını da nəzərdə tutur.
Bundan başqa, qanunsuz miqrasiyaya qarşı mübarizə məqsədilə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə əməliyyat-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti veriləcək.
Qanunvericilik paketində məhkəmə icraatına da dəyişikliklər nəzərdə tutulur. Belə ki, qərarlardan şikayət verilməsi müddətləri qısaldılır, işlərə baxılması üçün sürətləndirilmiş prosedurlar tətbiq olunur və bəzi hallarda məhkəmə işlərinə şifahi dinləmə keçirilmədən baxılması mümkün olacaq.
Nazirliyin məlumatında qeyd olunur ki, Daxili İşlər Nazirliyinin hazırladığı, Ədliyyə Nazirliyi və Təhsil, Elm və Gənclər Nazirliyi ilə sıx koordinasiya şəraitində hazırlanmış dəyişikliklər müasir miqrasiya çağırışlarına cavab verir və əcnəbilərin Gürcüstanda qalmasının daha effektiv, şəffaf və təhlükəsiz tənzimlənməsinə xidmət edir.