Rüşvət alma, saxta rəsmi sənədlərin hazırlanması və satışı, qrup halında kommersiya rüşvətxorluğu, dövlətə məxsus vəsait və torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə 28 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə qurumun Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidze məlumat verib.
Onun sözlərinə görə, genişmiqyaslı əməliyyat tədbirləri Gürcüstanın 9 regionunda həyata keçirilib.
"Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşlarının Gürcüstanın 9 regionunda keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində, 14 ayrı cinayət işi üzrə aşkarlanan cinayət faktları ilə bağlı, o cümlədən rüşvət alma, saxta rəsmi sənədlərin hazırlanması və satışı, qrup halında kommersiya rüşvətxorluğu, dövlətə məxsus vəsait və torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə ümumilikdə 28 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Dövlət satınalmaları çərçivəsində dövlət vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı beş ayrı cinayət işi üzrə 3 nəfər saxlanılıb, 11 nəfərə isə ittiham irəli sürülüb.
Söhbət Tsalka, Axaltsixe və Tetritskaro bələdiyyələrində müxtəlif özəl şirkətlər tərəfindən yol hissələrinin, içməli su şəbəkələrinin və dövlət məktəblərinin təmiri zamanı sənədlərin saxtalaşdırılması və digər qanunsuz əməllər nəticəsində on minlərlə lari məbləğində vəsaitin mənimsənilməsindən gedir.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, məsuliyyətə cəlb olunan şəxslərdən bir neçəsi Tbilisi uşaq bağçaları və Batumi pulsuz yeməkxanaları üçün elan edilmiş dövlət satınalmaları çərçivəsində müqavilədə nəzərdə tutulandan daha az miqdarda, fərqli marka və əmtəə nişanına malik Pasxa ərzaqları, eləcə də aşağı keyfiyyətli dezinfeksiya vasitələri təqdim ediblər. Bu qanunsuz əməllər nəticəsində dövlətə ümumilikdə 669 min 497 lari məbləğində ziyan dəyib.
Dövlətə məxsus torpaq sahələrinin dələduzluq yolu ilə mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları üzrə üç cinayət işi çərçivəsində 7 nəfərə ittiham irəli sürülüb.
İstintaq müəyyən edib ki, Dmanisi, Qurcaani və Tsalka bələdiyyələrinin meriyaları və bələdiyyə məclislərinin bir neçə nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər əsasında dövlətə məxsus ümumilikdə 91 564 kvadratmetr torpaq sahəsini qanunsuz yolla mənimsəyiblər. Nəticədə dövlətə 397 min 804 lari məbləğində ziyan dəyib.
Rüşvət alma faktları ilə bağlı üç cinayət işi üzrə 3 nəfər saxlanılıb.
İstintaqın məlumatına görə, Lançxuti və Tetritskaro bələdiyyələrinin meriyalarının, həmçinin Oni Meşə Xidmətinin nümayəndələri müxtəlif vaxtlarda Gürcüstan və xarici ölkə vətəndaşlarından dövlət torpağında səyyar ticarət obyektinin ("drive" tipli məntəqənin) yerləşdirilməsi və sonradan himayə olunması, dövlət torpağının arıçılıq təsərrüfatı üçün ayrılması və sonrakı himayə, eləcə də qanunla qadağan edilmiş palıd ağaclarının kəsilməsinə və meşədən çıxarılmasına şərait yaradılması müqabilində rüşvət alıblar.
Saxta rəsmi sənədlərin hazırlanması və satışı, eləcə də qrup halında kommersiya rüşvətxorluğu faktları üzrə üç cinayət işi çərçivəsində isə 4 nəfər saxlanılıb.
İstintaq müəyyən edib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda saxta sürücülük vəsiqəsi, Gürcüstan vətəndaşı pasportu və özəl ali təhsil müəssisələrindən birinin saxta bakalavr diplomunu hazırlayıb satmaq müqabilində pul alıblar.
Qeyd olunan cinayətlərlə bağlı istintaq çərçivəsində məhkəmə qərarları əsasında gizli istintaq hərəkətləri həyata keçirilib və nəticədə cinayət əməllərini əks etdirən audio və video sübutlar əldə olunub.
Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci, 196-cı, 221-ci, 332-ci, 338-ci, 341-ci və 362-ci maddələri ilə davam etdirilir" , - məlumatda deyilir.
Korrupsiyaya Qarşı Mübarizə Agentliyi bildirib ki, qurum istənilən korrupsiya cinayətinin aşkarlanması və qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, korrupsiya ilə mübarizə çərçivəsində bütün növ korrupsiya risklərinin qiymətləndirilməsi və aradan qaldırılmasına xüsusi diqqət yetirilir, korrupsiyanın səviyyəsinin minimuma endirilməsi məqsədilə gündəlik iş aparılır.