Müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü Ramal Əhmədov Gürcüstanın Baş naziri İrkali Kobaxidzeyə açıq məktub ünvanlayıb.
Aktual.ge xəbər verir ki, onun sosial şəbəkə hesabında paylaşdığı açıq məktubu təqdim edirik:
"Cənab Baş nazir,
Mən, 'Vahid Milli Hərəkat' partiyasının üzvü Ramal Əhmədov, sizə bu məktubu ünvanlayaraq bildirirəm ki, Marneuli rayonunda əhalinin suvarma suyu ilə bağlı böyük problemi var. Marneuli rayonunun təxminən 80 faizində suvarma suyu yoxdur.
Mən bu məsələ ilə bağlı dəfələrlə Marneuli Meliorasiya rəhbərliyinə, Malxaz Qoqilidzeyə müraciət etmişəm. Malxaz Qoqilidzedən aldığım cavab isə bu olub ki, suvarma arxlarına onların baxmadığını, bunun Marneuli Bələdiyyəsinin (Meriyasının) balansında olduğunu bildirib.
Buna baxmayaraq, mən, Ramal Əhmədov, Meriyanın əməkdaşları ilə də əlaqə saxlamışam. Aldığım cavab isə bu olub ki, bu işlərə onların baxmadığını, suvarma məsələləri ilə Marneuli Meliorasiyasının məşğul olduğunu bildiriblər.
Cənab Baş nazir, əhali suvarma suyundan məhrum qalıb. Xalqın əkib-becərdiyi məhsullar demək olar ki, məhv olub. Bu məsələyə nə Marneuli meri Daur İsmayılov, nə də Bələdiyyə sədri Amiran Qiorqadze baxır. Halbuki, Bələdiyyə sədrinin aylıq maaşı təxminən 7000 lari civarındadır.
Cənab Baş nazir, xahiş edirəm ki, Malxaz Qoqilidzeni tutduğu vəzifədən dərhal kənarlaşdırasınız".