Rus turistlərlə bağlı saxta məlumatlar yayan şəbəkə araşdırılır | DTX-dan rəsmi açıqlama
05.08.2026 21:10
88
Siyasət
A
Rus turistlərlə bağlı saxta məlumatlar yayan şəbəkə araşdırılır | DTX-dan rəsmi açıqlama

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Dövlət Təhlükəsizliyi Departamenti ölkənin dövlət maraqlarına zidd olaraq xarici ölkədən idarə olunan və Gürcüstan daxilindən dəstəklənən nüfuzdan salma xarakterli informasiya kampaniyası ilə bağlı sabotaj maddəsi üzrə istintaqa başlayıb.

Bu barədə Aktual.ge xəbər portalına DTX-nın Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət müxtəlif sosial platformalarda xarici ölkədə qeydiyyatdan keçmiş və idarə olunan saxta, yəni "bot" hesablar vasitəsilə Gürcüstanın maraqlarına qarşı nüfuzdan salan məzmunlu məlumatların məqsədli şəkildə yayılmasından gedir. 

Bildirilir ki, bu fəaliyyət Gürcüstanın iqtisadi maraqlarına zərər vurmağa xidmət edir.

Qeyd olunub ki, kampaniyanın əsas məqsədi dezinformasiya yaymaqla Gürcüstanda Rusiya Federasiyasından gələn turistlər üçün təhlükəli və arzuolunmaz mühitin mövcud olduğu barədə saxta təsəvvür yaratmaqdır.

Bəyanatda deyilir:

"Hazırda məlumdur ki, X sosial platformasında qeydiyyatdan keçmiş bir neçə saxta hesab müxtəlif mövzular üzrə dezinformasiya yayırdı. Məsələn, iddia olunurdu ki, guya Gürcüstan vətəndaşları Rusiyadan gələn turistləri meşədə tək qoyurlar və ya onların sifariş etdikləri yeməklər gürcü restoranlarında qəsdən çirkləndirilir və s.

Sonradan eyni məzmunlu saxta məlumatlar müəyyən vaxt fasilələri ilə koordinasiyalı şəkildə xarici ölkədə qeydiyyatdan keçmiş, milyonlarla izləyicisi olan onlayn media vasitəsi tərəfindən də yayılıb".

Məlumatda qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi əsasında başlanıb. Həmin maddə dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisələrinin və ya digər mühüm obyektlərin normal fəaliyyətinə mane olma, yaxud onların zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur. Bu cinayətə görə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"İstintaq çərçivəsində qanunvericiliyə uyğun operativ və axtarış tədbirləri həyata keçirilir. Məqsəd dezinformasiya kampaniyasının təşkilatçılarını, iştirakçılarını, mümkün maliyyə mənbələrini, məlumatların yayılma mexanizmlərini və kampaniyanın məqsədlərini müəyyən etməkdir" , - məlumatda deyilir.

DTX-dan bildirilib ki, qurum bu cür dezinformasiya kampaniyalarının vaxtında aşkar edilməsi və onların yaratdığı təhlükələrin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirəcək. Həm xarici, həm də daxili qüvvələr tərəfindən Gürcüstanın milli maraqlarına xələl gətirmək, dövlət institutlarını sabitsizləşdirmək, konstitusiya quruluşunu pozmaq və ya milli təhlükəsizliyə zərər vurmaq məqsədi daşıyan istənilən fəaliyyətə qarşı qanun çərçivəsində müvafiq hüquqi tədbirlər görüləcək.

ŞƏRH YAZ
2