İspaniya və Gürcüstan polisinin birgə əməliyyatı: Saxlanılanlar var
04.08.2026 16:27
234
Kriminal
A
İspaniya və Gürcüstan polisinin birgə əməliyyatı: Saxlanılanlar var

Gürcüstan və İspaniya hüquq-mühafizə orqanları Valensiya şəhərində intensiv şəkildə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində mütəşəkkil cinayətkar qrupun üzvlərini - Gürcüstanın üç vətəndaşını saxlayıblar, dördüncü üzvün saxlanılması məqsədilə polis tədbirləri aktiv şəkildə davam edir.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına əsasən, xüsusi əməliyyatda İspaniya həmkarları ilə yanaşı, Gürcüstan polisinin attaşesi də iştirak edib.

Saxlanılan şəxslər mənzil oğurluğu, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkar qrupun üzvü olmaqda ittiham olunurlar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər İspaniya ərazisində sistemli şəkildə yaşayış mənzillərini soyublar. Əvvəlcədən hazırlanmış plana əsasən, onlar sahibləri olmayan evləri seçir, xüsusi alətlərdən istifadə edərək qanunsuz olaraq içəri daxil olur və qiymətli əşyalarla pul vəsaitlərinə yiyələnirdilər.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin şəxsi, avtomobillərinin və müvəqqəti yaşayış yerlərinin axtarışı nəticəsində oğurlanmış əşyalar, külli miqdarda pul və cinayətin törədilməsi üçün lazım olan xüsusi alətlər götürülüb.

Saxlanılan şəxslərə qarşı qanunla müəyyən edilmiş müvafiq hüquqi tədbirlər görülür.

Gürcüstanın Daxili İşlər Nazirliyi beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı səmərəli mübarizə məqsədilə Avropa ölkələrinə ezam olunmuş polis attaşeləri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərin hüquq-mühafizə orqanları, İnterpol və Avropol ilə əməkdaşlığı fəal şəkildə davam etdirir”, - deyə DİN-in yaydığı məlumatda qeyd olunub.

ŞƏRH YAZ
2