Tbilisi və bölgələrdə elektrik enerjisi kəsilib. Aktual.ge xəbər verir ki, ölkədə elektrik enerjisi təxminən saat 20:10-dan bəri kəsilib.
Sosial şəbəkələrdə istifadəçilər yazırlar ki, Gürcüstanın bir neçə şəhəri, o cümlədən paytaxt Tbilisi elektrik enerjisiz qalıb.
Vətəndaşlar sosial şəbəkələrdə bildirirlər ki, elektrik regionlarda da kəsilib.
Hazırda elektrik enerjisinin kəsilməsinin rəsmi səbəbi məlum deyil.
Rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, son bir ay ərzində bu, ölkə üzrə baş verən üçüncü genişmiqyaslı elektrik kəsintisidir. Elektrik ilk dəfə 24 iyul saat 00:10-da, daha sonra isə 25 iyul təxminən saat 08:00-da kəsilmişdi.
24 iyul tarixində Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) ölkənin elektrik sistemində baş vermiş iri miqyaslı qəzanın səbəblərinin araşdırılmasına başlayıb. Komissiyanın açıqlamasında bildirilirdi ki, 24 iyul saat 00:10 radələrində ölkənin enerji sistemində baş verən sistem qəzası elektrik enerjisi və telekommunikasiya şəbəkələrinin fəaliyyətində ciddi fasilələrə səbəb olub.
SEMEK-in sədri David Narmania bildirib ki, ölkə üzrə elektrik enerjisinin kəsilməsinə "İmereti" yüksək gərginlikli ötürücü xəttində baş vermiş qəza səbəb olub.
Həmçinin qeyd olunub ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 24 və 25 iyul tarixlərində ölkə üzrə elektrik enerjisinin qəza nəticəsində kəsilməsi ilə bağlı sabotaj maddəsi üzrə cinayət işi açaraq araşdırmalara başlayıb.