"Biz müharibənin başlanmasında Saakaşvilinin qanlı rejimini günahkar bilirik. O zaman bu ölkənin formal olaraq xain baş komandanı var idi".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı danışarkən deeyib.
Onun sözlərinə görə, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib və "əlbəttə ki, Saakaşvilinin, onun rejimin və 'Milli Hərəkat'ın xəyanəti bu cinayəti heç cür ört-basdır edə bilməz".
"Gürcü tərəfini müharibənin başlanmasında sizin partiyanız, sizin rejiminiz günahkar bildi, o zaman ki, Avropa Şurasının qətnaməsini imzaladı. Biz müharibənin başlanmasında Saakaşvilinin qanlı rejimini günahkar bilirik. O zaman bu ölkənin formal olaraq xain baş komandanı var idi. Qəhrəmanlarımız məhz ona görə qurban getdilər ki, bizim qondarma baş komandanımız xain, xarici qüvvələrin sifarişi ilə hərəkət edən xarici agent idi. Reallıq budur.
Rusiyaya gəldikdə isə, Rusiya Gürcüstan ərazilərinin 20 faizinin işğalını həyata keçirib və əlbəttə ki, Saakaşvilinin, onun rejimin və 'Milli Hərəkat'ın xəyanəti bu cinayəti heç cür ört-basdır edə bilməz. Bu, bizim dövlətimiz, ölkəmiz qarşısında, xalqımız və əsgərlərimiz qarşısında cinayət idi. İşğal, əlbəttə ki, cinayətdir. Bir daha təkrar edəcəyəm ki, Saakaşvilinin və onun rejimin xəyanəti heç bir halda işğalı ört-basdır edə bilməz, çünki ərazilərimizin işğalını Rusiya Federasiyası həyata keçirib və bu, baş vermiş faktdır.
Bir daha təkrar edəcəyəm ki, bir tərəfdə Saakaşvilinin və onun rejimin xəyanəti idi, digər tərəfdə isə Rusiya Federasiyası tərəfindən həyata keçirilmiş işğal idi. Əsas odur ki, biz hər iki fakta müvafiq qiymət verək", - deyə İrakli Kobaxidze qeyd edib.
Bununla yanaşı, hökumət rəhbərinin sözlərinə görə, Avropa Şurasının qətnaməsində belə bir ifadə yazılıb: "Münaqişə Saakaşvili rejiminin Sxinvalini bombalamasından sonra irimiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçdi".
Baş nazir qeyd edib ki, irimiqyaslı hərbi əməliyyatlar müharibə deməkdir:
"Təəssüf ki, qətnamədə Saakaşvilinin rejimi yazılmayıb, gürcü tərəfi yazılıb, amma mən başqa cür sitat gətirirəm – bundan əvvəl bu yazılıb: 'Münaqişə irimiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçdi'. İrimiqyaslı hərbi əməliyyatlar müharibə deməkdir – münaqişənin müharibəyə çevrilməsi o deməkdir ki, Saakaşvili rejimi müharibəyə başlayıb və bu, Avropa Şurasının qətnaməsində hərfi-hərfinə yazılıb, hansı ki, biabırçı şəkildə imzalayıblar. Sonra başqa sözlər də yazılıb, orada Rusiyanın cavabından söhbət gedir. Sxinvalinin bombalanmasının ardınca Rusiyanın cavabı gəldi və bunu imzaladılar", - deyə İrakli Kobaxidze söyləyib.