2026-cı il noyabrın 1-dən etibarən Qazaxıstan Respublikasının ərazisinə giriş ödənişli olacaq. Bununla yanaşı, həmin tarixdən etibarən əcnəbilər ölkəyə daxil olarkən elektron giriş icazəsi (ETA) almalı olacaqlar.
Aktual.ge xəbər verir ki, QazETA adlanan yeni sistem avqustun 25-dən etibarən ölkədə sınaq rejimində fəaliyyətə başlayıb, lakin noyabrdan etibarən onun rəsmiləşdirilməsi məcburi olacaq.
Yeni qayda Qazaxıstanla vizasız rejimdən istifadə edən ölkələrin vətəndaşlarına şamil olunur. Bu ölkələr arasında Gürcüstan, Qırğızıstan, Özbəkistan, Ermənistan, Azərbaycan, Belarus, Rusiya, Ukrayna və Türkiyə vətəndaşları da var.
Vizasız rejimə malik ölkələrin vətəndaşları üçün Qazaxıstana elektron giriş icazəsinin (ETA) tətbiqini nəzərdə tutan yeni qaydalar “Əhalinin miqrasiyası haqqında” qanunun yeni redaksiyasında əksini tapıb və 2026-cı il avqustun 25-dən qüvvəyə minib. Yerli medianın məlumatına görə, avqustun 25-dən noyabrın 1-dək sistem sınaq rejimində fəaliyyət göstərəcək: ETA-nın olmaması ölkəyə girişə qadağa ilə nəticələnməyəcək, lakin əcnəbilərə xəbərdarlıq ediləcək ki, növbəti dəfə icazə olmadan ölkəyə buraxılmayacaqlar.
Səyahətçilər nələri bilməlidirlər:
- Müraciət müddəti: Elektron icazənin alınması üçün ərizə əvvəlcədən - sərhədi keçməzdən ən geci 72 saat əvvəl - QazETA rəqəmsal platforması vasitəsilə təqdim edilməlidir.
- Vizasız rejim: ETA mövcud vizasız rejimi ləğv etmir və ölkədə qalmağa icazə verilən müddəti dəyişmir.
- Qiymət: Xidmət ödənişli olacaq. İlkin məlumatlara görə, icazənin əvvəlcədən rəsmiləşdirilməsi təxminən 3 900 tenge (9 ABŞ dolları), birbaşa sərhəddə rəsmiləşdirilməsi isə 7 600 tenge (17 ABŞ dolları) təşkil edəcək.
- Mərhələli tətbiq: İlk mərhələdə tələb yalnız hava nəqliyyatı ilə səyahət edənlərə şamil olunacaq. Daha sonra elektron icazə quru və dəmir yolu sərhəd-keçid məntəqələrindən keçərkən də məcburi olacaq.
Qeyd edək ki, diplomatik və xidməti pasport sahibləri, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri bu qaydadan azad edilirlər.
Məlumat üçün bildirək ki, Gürcüstan hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında imzalanmış razılaşmaya əsasən, Gürcüstan vətəndaşları beynəlxalq əlaqələr üçün nəzərdə tutulmuş istənilən icazəli sərhəd-keçid məntəqəsindən keçməklə Qazaxıstan Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və ölkəni tərk etmək hüququna malikdirlər. Gürcüstan vətəndaşı Qazaxıstan ərazisinə vizasız daxil ola və sərhədi keçdiyi gündən etibarən 90 gün ərzində ölkədə qala bilər.